Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Dağlıq Qarabağ məsələsində hazırkı status-kvo yolverilməzdir. Trend-in məlumatına görə, bu barədə Ermənistan-Aİ parlament əməkdaşlığı üzrə komissiyanın Avropa tərəfdən həmsədri Milan Kabrnox bildirib.
"Hamı problemin sülh yolu ilə nizamlanması yolunda irəliləyiş görmək istərdi", - o deyib.
Kabrnox qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə variantı hansısa güc və ya silah tətbiq edilmədən sülh yoludur.
Noyabrın 2-3-də Yerevanda Ermənistan-Aİ parlament əməkdaşlığı üzrə komissiyanın 12-ci iclası keçirilib. Məlumatı "Novosti-Armeniya" yayıb.
"İclas iştirakçıları ATƏT-in Minsk qrupunun müddəalarına tam yardım göstərilməsi barədə razılığa gəliblər", - Kabrnox cümə axşamı deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.