...

Erməni katalikosu Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə görə patriarx Kirillə təşəkkür edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2011 15:31 (UTC +04:00)
Bütün ermənilərin katalikosu II Qaregin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və regionda sülhün bərqərar olunmasında göstərdiyi vasitəçilik cəhdlərinə görə patriarx Kirillə və Rus provaslav kilsəsinə təşəkkür edib.
Erməni katalikosu Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə görə patriarx Kirillə təşəkkür edib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bütün ermənilərin katalikosu II Qaregin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və regionda sülhün bərqərar olunmasında göstərdiyi vasitəçilik cəhdlərinə görə patriarx Kirillə və Rus provaslav kilsəsinə təşəkkür edib.

"Təşəkkürümüzü Sizə və Rus provaslav kilsəsinə çatdırırıq. Ona görə ki, qarşıdurmanın ilk günlərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və sülhün bərqərar edilməsi məqsədilə vasitəçilik cəhdləri göstərilib", - katalikos Rus provaslav kilsənin rəhbəri və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bildirib.

"Ümumi cəhdlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağına, xalqlarımız və dövlətlərimiz - Azərbaycan və Ermənistan arasında mehriban münasibətlərin bərpa olunacağına tam ümidliyəm", - II Qaregin deyib.

Katalikos qeyd edib ki, dini liderlərin borcu regionda sülhün, sabitliyin, xalqlar arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsi naminə daha çox cəhd göstərməkdir.

"ATƏT-in Dağlıq Qarabaq münaqişəsi üzrə Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) sülhməramlı vasitəçilik missiyaları, eləcə də bu prosesdə Rusiya Prezidenti Dmitri Medvedevin şəxsi cəhdləri sayəsində problemin nizamlanması və xalqlarımızın sülh şəraitində yaşamaları naminə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları davam edir", - II Qaregin vurğulayıb.

"Bizim əvvəlki görüşlərimiz, birgə bəyanatlarımız və dini liderlərin çağırışı da müəyyən nəticələr verib. Danışıqlar prosesinin sülh şəraitində davam etməsi və əsirlərin dəyişdirilməsinin həyata keçirilməsi üçün bütün bunlar münaqişəyə dini xarakter verilməməsi məsələsinə aid olub", - katalikos xatırladıb.

II Qaregin hesab edir ki, qarşı-qarşıya, əmin-amanlıq içərisində və xoşbəxt həyatlarını yaratmağa cəhd edən Azərbaycan və Ermənistan xalqları üçün sülhə alternativ yoxdur.

"Dini liderlər kimi sülhə çağırışlarımız həmişə səslənməlidir və biz elə etməliyik ki, bu çağırış xaqlarımız və dövlətlərimizin hakimiyyətləri tərəfindən eşidilsin ki, Tanrının istəyi ilə sülh həmişə bizimlə olsun", - katalikos bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti