...

Bahar Muradova: Ermənistan deputatları ATƏT PA-nın sessiyasında Xocalı qətliamının qəsdən törədildiyini etiraf ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2012 10:26 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının Vyanada keçirilən 11-ci qış sessiyasında ermənistanlı deputatlar Xocalı qətliamının qəsdən törədildiyini bəyan ediblər.
Bahar Muradova: Ermənistan deputatları ATƏT PA-nın sessiyasında Xocalı qətliamının qəsdən törədildiyini etiraf ediblər

Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir M.Əliyev/

ATƏT-in Parlament Assambleyasının Vyanada keçirilən 11-ci qış sessiyasında ermənistanlı deputatlar Xocalı qətliamının qəsdən törədildiyini bəyan ediblər. Bu barədə Trend-ə Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

"ATƏT PA-nın 11-ci qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyəti qurumun katibinə müraciətini və suallarını ünvanladı. Qeyd olundu ki, bu günlərdə Xocalı faciəsinin 20 illiyi ilə bağlı tədbirlər keçirilir. Azərbaycan Xocalı hadisələrini insanlığa qarşı cinayətin, həm bu cinayəti törədənlərin cəzasızlığının simvolu kimi qəbul edir və buna öz etirazını bildirir. Xocalı soyqırımının baş verməsinin 20 illiyi ilə yanaşı, ATƏT-in Minsk qrupunun yaradılmasının 20 illiyi də qeyd olunur. Amma təəssüf ki, ATƏT özündə Xocalı genosidi kimi dəhşətli cinayətləri əks etdirən erməni təcavüzünə lazımi qiyməti verə bilməyib", - Muradova deyib.

Onun sözlərinə görə, erməni tərəfi Azərbaycan nümayəndə heyətinin qaldırdığı məsələlərə kifayət qədər emosional münasibət bildirib. Muradova qeyd edib ki, erməni deputatlar öz etirazını bildirərkən münaqişə başladığı dövrdə Gəncə, Sumqayıt və Azərbaycanın digər şəhərlərində ermənilərin yaşadığı yerdən köçürüldüyünü və Xocalının buna cavab olduğunu bildiriblər.

"Bununla da ermənilər Xocalı qətliamını məqsədli şəkildə həyata keçirdiklərini sübut etmiş oldular", - Muradova deyib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti