...

Almaniyada Xocalı faciəsinə həsr olunmuş cizgi filmi nümayiş etdirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2012 15:53 (UTC +04:00)
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Xocalı faciəsinə həsr olunmuş "Pozulmuş sülh" cizgi filmi təqdim edilib.
Almaniyada Xocalı faciəsinə həsr olunmuş cizgi filmi nümayiş etdirilib (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Xocalı faciəsinə həsr olunmuş "Pozulmuş sülh" cizgi filmi təqdim edilib. Bu barədə bazar ertəsi Trend-ə Mərkəzdən məlumat verilib.

Təqdimat Berlində yaşayan azərbaycanlı rəssam və rejissor Məsud Pənahinin yaradıcılığına həsr olunmuş "Sənətin sevincli-kədərli səhnələri" adlı tədbir çərçivəsində keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbiri AAKM-in icraçı direktoru Samira Patzer-İsmayılova açaraq, tədbirin animasiya sənətinə həsr edildiyini bildirib və rejissor Məsud Pənahini tədbir iştirakçılarına təqdim edib.

Daha sonra Azərbaycan səfirliyinin birinci müşaviri Rizvan Nəbiyev çıxışında Azərbaycan incəsənəti haqqında Almaniya mətbuatında demək olar ki, heç bir məlumat verilmədiyini, əksinə, Azərbaycana qarşı qərəzli və birtərəfli yazıların sayının çoxaldığını təəssüflə qeyd edib. O, Məsud Pənahinin yaradıcılığı haqqında danışaraq bir ölkənin və onun tarixinin tanıdılmasında mədəniyyətin, incəsənətin bir vasitə olduğunu vurğulayıb, mədəniyyət işçilərinə bu işdə dəstək verilməsinin vacibliyini vurğulayıb.

Filmin rejissoru Məsud Pənahi tədbirdə filmin yaradılması ideyasından və film üzərində aparılan işlərdən danışıb.

Tədbirdə, həmçinin rejissorun "Qız qalası" və onun şagirdlərinin çəkdiyi "İki cəngavər" cizgi filmləri nümayiş etdirilib.

Tədbirdə Azərbaycan səfirliyinin digər məsul əməkdaşları, Almaniya ictimaiyyətinin nümayəndələri, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin üzvləri, diaspor təmsilçiləri, azərbaycanlı tələbə və gənclər, AAKM-in əməkdaşları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti