...

Şuşa şəhərinin işğal olunmasının 20 illiyi ilə əlaqədar yeni aksiyaya start verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2012 18:58 (UTC +04:00)
Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi yeni aksiyaya start verib.
Şuşa şəhərinin işğal olunmasının 20 illiyi ilə əlaqədar yeni aksiyaya start verilib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi yeni aksiyaya start verib.

Birlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində ingilis dilində hazırlanmış müraciət dünyanın müxtəlif dövlətlərinin parlamentarilərinə, rəsmi şəxslərinə, beynəlxalq təşkilatlara və bu təşkilatların ayrı-ayrı nümayəndəliklərinə elektron poçt vasitəsilə göndəriləcək.

Aksiya mayın 8-dək davam etdiriləcək.

"Biz ərazisinin 20 faizi işğal edilmiş, bir milyon vətəndaşı didərgin salınmış, minlərlə övladı şəhid edilmiş ölkənin gəncləri olaraq Sizə müraciət edirik. Məqsədimiz yaxın tarixin acı həqiqətlərini diqqətinizə çatdırmaqdır. 20 il öncə qədim Azərbaycan torpağı Qarabağın incisi olan Şuşa adlı bir şəhər vardı. Bu şəhər dünyanın mədəni irsi kimi qorunan muğam sənətinin, Qarabağ xalçalarının, mədəniyyətin beşiyi olmuşdur. Şuşanın muzeylərində bəşər tarixinin daş dövrü, kitabxanalarında dünya ədəbiyyatı inciləri, qalalarında Azərbaycan xalqının qəhrəmanlıq tarixi qorunurdu.

Bizim ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa 20 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında məhv edildi. Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri 1992-ci il may ayının 8-də Şuşa şəhəri əhalisinə divan tutdu. Tarixi abidələr uçuruldu, muzeylər, kitabxanalar yandırıldı, heykəllər sanki canlıymış kimi güllələndi. Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri erməni vandalizminin qurbanı oldu. Şuşanın dinc sakinlərindən yüzlərlə insan öldürüldü, ağır yaralandı, əsir və girov götürüldü", - müraciətdə deyilir.

Qeyd olunur ki, Azərbaycanın mədəniyyət beşiyi Şuşa 20 ildir ki, erməni hərbçilərinin işğalı altındadır. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar bu günə qədər heç bir nəticə verməyib. Vaxt ötdükcə erməni işğalçılarının nəzarətində olan Şuşa şəhəri də digər işğal olunmuş ətraf ərazilər kimi amansız istismara və dağıntılara məruz qoyulur. Bu ərazilərdən ermənilər qanunsuz silah və narkotik ticarəti üçün geniş istifadə edirlər. Nəticədə işğal altında olan bu ərazilər təkcə ölkə və region üçün deyil, bütövlükdə dünyada sülhün və əminamanlığın qorunması yolunda böyük təhlükə mənbəyinə çevrilir.

"Biz gənc olaraq BMT, AŞ, Aİ, İKT və digər nüfuzlu təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələri, beynəlxalq hüququn norma və prinsplərini əsas tutaraq Sizə müraciət edirik. İnanırıq ki, Siz vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və Şuşa şəhərinin erməni silahlı qüvvələrinin işğalından tezliklə azad olunması üçün öz qətiyyətli mövqeyinizi ortaya qoyacaqsınız. Bu münaqişənin tezliklə həll edilməsi, minlərlə insanın öz doğma torpaqlarına geri dönməsi naminə əlinizdən gələni əsirgəməyəcəksiniz. Biz Yeni Azərbaycan Partiyasının gəncləri olaraq Sizə güvənir və ədalətin tezliklə zəfər çalacağına böyük ümidlər bəsləyirik", - müraciətdə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti