Azərbaycan, Bakı, 1 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsirlikdə olan 3 erməni hərbiçinin üçüncü ölkəyə verilməsi xəbərinə aydınlıq gətirib.
Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycanda əsirlikdə olan 3 erməni hərbiçi mətbuata açıqlamalarında Ermənistana qayıtmaq istəmədiklərini, üçüncü ölkəyə getmək istədiklərini bəyan ediblər.
"O vaxtdan onlar bizim kontingentimiz sayılmır. Onlarla BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı məşğul olur", - Sadıqov deyib.
BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin mətbuat katibi Elsevər Ağayev Trend-ə bildirib ki, hərbi əsirlərin üçüncü ölkəyə təhvil verilməsi Komissarlığın səlahiyyətində olsa da, qurumun əməkdaşlarının hansısa şəxslər barədə məlumatları açıqlamaq səlahiyyəti yoxdur və bu məlumatlar konfidensial saxlanılır.
Qeyd edək ki, Ermənistan KİV-ləri Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirin üçüncü ölkəyə verilməsi barədə məlumat yayıb.
Hazırda Azərbaycan tərəfində Ermənistan vətəndaşı olan 5 mülki şəxs, Ermənistan tərəfində isə 1 azərbaycanlı əsir saxlanılır.