...

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2012 15:18 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov şənbə günü Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının nümayəndə heyətini qəbul edib.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Milli Məclisin sədri Oqtay Əsədov şənbə günü Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının nümayəndə heyətini qəbul edib.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq təşkilatın Daimi Komitəsinin Bakıda keçirilən iclasında onlara uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan son illər bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Spiker ümidvar olduğunu bildirib ki, bu ilin noyabrında Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası da bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsi işinə öz töhfəsini verəcək.

Söhbətdə qeyd edilib ki, dünyadakı mürəkkəb siyasi proseslər fonunda Asiyada fəaliyyət göstərən partiyalar arasında əməkdaşlığın genişlənməsi günün tələbidir. Region dövlətlərinin hökumətlərində və parlamentlərində təmsil olunan partiyalar dövlət siyasətinə təsir etmək gücündədirlər. Bu isə onlar arasında əməkdaşlığı şərtləndirən amillərdəndir.

"Bu baxımdan, Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının bu mötəbər foruma üzv olmasını təqdirəlayiq hesab edirik. Belə hesab edirik ki, Asiya qitəsinin siyasi partiyaları arasında əməkdaşlıq üçün bir platformanın olması bölgədəki proseslərə öz müsbət təsirini göstərəcək. Asiya qitəsindəki mövcud problemlərin aradan qaldırılmasında bunun müstəsna əhəmiyyəti var. İnanırıq ki, 300 siyasi partiyanı birləşdirən bu forum beynəlxalq problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Bu mənada, Cənubi Qafqazda inkişafa böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin diqqətdə saxlanılması olduqca vacibdir. Problemlə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq, münaqişə hələ də öz məntiqi həllini tapmamışdır. Biz Asiya Siyasi Partiyalar Forumunun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, quruma üzv partiyalar bundan sonra da bu məsələyə həssaslıqla yanaşacaq, problemin həllinə öz töhfələrini verəcəklər", - görüşdə bildirilib.

Görüşdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təmsilçisi Xose de Venesiya səmimi qəbul üçün minnətdarlığını bildirib. O, müstəqil Azərbaycanın paytaxtı Bakının belə bir tədbirə uğurla ev sahibliyi etməsini yüksək dəyərləndirib. Qonaq forumun işi, məqsəd və məramları haqqında geniş məlumat verib. Təşkilatın Asiya qitəsində yerləşən problemlərə də böyük diqqət yetirdiyini söyləyib.

Bildirilib ki, böyük iqtisadi potensiala malik Asiya qitəsinin müxtəlif bölgələrində iqtisadi inkişafla yanaşı, münaqişə ocaqlarına da rast gəlinir. Bu baxımdan, qurum Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirir, problemin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır. Forum Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcək.

Təşkilat bu məsələnin həllində və Azərbaycanın inkişafında ölkə Prezidentinin gördüyü işləri, parlamentin fəaliyyətini yüksək dəyərləndirir. Qurumun Bakıda keçirilən tədbirinin sonunda qəbul olunacaq Bakı Bəyannaməsində bu məsələlər öz əksini tapacaq.

Görüşdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov, millət vəkili Asəf Hacıyev, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədri və baş katibi Eui-Yonq Çunq, forumun təmsilçiləri Müşahid Hüseyn Seyid, Ai Pinq, Teo Sambuaqa və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti