...

Səməd Seyidov: Avropa Şurası Ermənistanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün dialoqda iştiraka dəvət etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2012 19:43 (UTC +04:00)
Avropa Şurası Ermənistan tərəfini Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün dialoqda iştirak etməyə dəvət etməlidir.
Səməd Seyidov: Avropa Şurası Ermənistanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün dialoqda iştiraka dəvət etməlidir

Fransa, Strasburq, 25 iyun /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Ermənistan tərəfini Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün dialoqda iştirak etməyə dəvət etməlidir. Trend-in məlumatına görə, bu fikirləri jurnalistlərə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının birinci iş günündə qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair hesabatların müzakirəsi zamanı çıxışında Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

Millət vəkili çıxışına Azərbaycan Prezidentinin bu yaxınlarda imzaladığı əfv sərəncamı ilə başlayıb.

"Bu gün çıxışlarda təşkilata üzv dövlətlərdə insan haqlarının qorunmasının əhəmiyyəti vurğulandı. Məlumat üçün qeyd edim ki, bundan bir neçə gün öncə Azərbaycan Prezidenti əfv sərəncamı imzalayıb və bunun nəticəsində, adları AŞ PA-nın müxtəlif sənədlərində hallanan insanların əksəriyyəti azad olunub. Düşünürəm ki, bu, Azərbaycanda demokratiyanın və Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox önəmlidir", - Seyidov deyib.

Millət vəkili çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

"Biz bu gün Avropa Şurasının dünyada baş verən hadisələrə nə dərəcədə maraq göstərdiyini hiss edirik. Bu sessiya çərçivəsində də Suriya, Misir və digər ölkələrə dair müzakirələr aparılacaq. Düşünürəm ki, biz Avropa Şurasının daxilində baş qaldıran çətin problemlərin həllində də əlimizdən gələni etməliyik. Çünki bizim bu cür çoxlu problemlərimiz var. Bu problemlərdən gələcək üçün ən əsası Dağlıq Qarabağ münaqişəsidir. Biz burada Avropa Şurasının himayəsi altında Azərbaycan və Ermənistan nümayəndələri arasında görüşlər təşkil etmək üçün əlimizdən gələni edirik. Təəssüf ki, bu, Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək məqsədilə görüşlərdə iştirak etmək üçün siyasi iradəsinin olmaması səbəbindən mümkün olmur. Buna görə, təəssüf ki, Dağlıq Qarabağ üzrə Alt Komitə fəaliyyət göstərə bilmir. Etimad mühiti yaratmaq üçün hansı tədbirlərin görülməsi ilə bağlı sual verirəm. Halbuki təşkilat daxilində dialoqun önəmi böyükdür. Buna görə də Avropa Şurasından, eləcə də AŞ PA-dan Ermənistan tərəfini Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün dialoqda iştirak etməyə dəvət etmələrini tələb edirəm. Bu, təşkilatın tamhüquqlu üzvü olan iki ölkə arasında gələcək münasibətləri nəzərdən keçirmək baxımından da çox əhəmiyyətlidir. Bu çətin və ağrılı məsələlər vaxt keçdikcə daha da ciddiləşir. Biz dialoqa hazırıq və onun lehinəyik. Düşünürəm ki, bu, Avropa Şurası üçün çox önəmlidir", - Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti