...

Qənirə Paşayeva: Avstraliya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2012 15:20 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğu bir faktdır və Avstraliya dövləti də Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Qənirə Paşayeva: Avstraliya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğu bir faktdır və Avstraliya dövləti də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu barədə Trend-ə Azərbaycanın millət vəkili Qənirə Paşayeva Avstraliyanın Yeni Cənubi Uels ştatının (New South Wales) parlamentinin guya qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanınması ilə bağlı qərarı barədə Ermənistan KİV-də yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Bu sənəd beynəlxalq hüquq baxımından heç bir əhəmiyyət kəsb etmir, lakin biz imkan verməməliyik ki, bu cür yanlışlar, yalanlar hansısa ölkələrin sənədlərində öz əksini tapsın", - Paşayeva deyib.

Deputatın sözlərinə görə, BMT-də daxil olmaqla beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ da bu ərazi bütövlüyünə daxildir.

"Dünyada qondarma "Dağlıq Qarabağ respublikası" adında bir dövlət yoxdur. Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır və Ermənistanın işğalı altındadır", - Paşayeva əlavə edib.

Depuatın sözlərinə görə, təbii ki, bu sənəddə yer alan bəzi ifadələr narahatedicidir. Ancaq bu sənəd qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə bağlı deyil.

"Buna baxmayaraq, narahatlığımızı Avstraliya dövlətinin və bu sənədi qəbul edən ştatın diqqətinə çatdırmalıyıq. Bildirməliyik ki, bu sənəddə yer alan bəzi ifadələr Avstraliya dövlətinin özünün rəsmi mövqeyinə ziddir", - millət vəkili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti