Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/
Əgər Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Filip Lefort Dağlıq Qarabağa getmək istəyirsə, hansı məqsədlə getdiyini açıqlamalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
"Dağlıq Qarabağ işğal altında olan bir məntəqədir və ora daxil olmaq üçün Azərbaycanın icazəsi olmalıdır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun nümayəndələrinin həmin əraziyə səfərlərinə etiraz etmirik, çünki bu, onların işidir. Müxtəlif siyasi qüvvələrin nümayəndələrinin həmin regiona hansısa siyasi maraqları üçün olan səfərlərinə gəldikdə, biz buna prinsipial baxımdan razılıq vermirik, ona görə ki, buna əsas yoxdur", - Əzimov deyib.
Nazir müavini qeyd edib ki, konkret olaraq Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Dağlıq Qarabağa getməsi haqqında danışarkən bunun məqsədi düşünülməlidir.
"Aİ münaqişənin həllində birbaşa iştirak etmir, Minsk qrupunun səylərini dəstəkləyir. Aİ münaqişə ilə bağlı bəlkə gələcəkdə hansısa məsələlərin həllinə cəlb oluna bilər. Lefortun münaqişə zonasına səfər etmək istəyi ilə bağlı konkret suala cavab verilməlidir ki, Aİ-nin siyasi mövqeyi nədən ibarətdir, bu istək qurumun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə əsaslanırmı, yoxsa bu təşəbbüs başqa məqsədlər güdür?", - Əzimov bildirib.