Azərbaycan, Bakı, 6 fevral /Trend/
Avropa Azərbaycan Cəmiyyətinin Brüssel nümayəndəliyi Ermənistanın Xocalı aeroportunu yenidən açması planı ilə əlaqədar Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya və Avropa parlamentindəki Avropa Xalqları Partiyası (EPP), Sosialistlər və Demokratların Proqressiv Alyansı (S&D), Avropanın Liberallar və Demokratlar Alyansı (ALDE), Yaşıllar/Avropa Azad Alyansı (Greens/AFE), Avropa Mühafizəkarlar və İslahatçılar qruplarının sədrlərinə məktub göndərib.
Cəmiyyətdən Trend-ə verilən məlumata görə, müraciətdə qeyd edilir ki, Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayır.
"Dağlıq Qarabağ münaqişəsinin həllinə danışıqlar yolu ilə nail olunmasında vasitəçilk edən ATƏT-in Minsk qrupunun həmsədrləri daha öncə aeroportun planlaşdırılmış açılışının qarşıda gərginliyin artmasına səbə ola biləcəyi barədə narahatlıqların ifadə olunduğu bəyanat veriblər. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bildiriblər ki, tərəflər sülh prosesinə mənfi təsir edə biləcək addımlardan çəkinməlidirlər. Xocalıda aeroportun açılması sülh danışıqlarında gərginlik yarada bilər", - müraciətdə deyilir.
Qeyd olunub ki, Xocalı aeroportu Dağlıq Qarabağ münaqişəsində Ermənistan qüvvələri tərəfindən zəbt ediləndən sonra, 26 fevral 1992-ci il tarixində bağlanıb. 2010-2011-ci illər ərzində aeroport yenidən tikilib və onun açılışı artıq bir ildən çoxdur ki ortaya atılıb. Ermənistan və qondarma "Dağlıq Qarabağ respublikası" tərəfindən dəstəklənən bu hərəkət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur, beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozur.
"Biz Avropa Komissiyasının keçmiş aylarda Dağlıq Qarabağ münaqişəsinə yüksək diqqət yetirdiyini qiymətləndiririk, lakin hesab edirik ki, Ermənistan rəhbərliyinin bu hərəkəti Avropa İttifaqının sülhün danışıqlar yolu ilə əldə edilməsi sahəsində səylərinə qarşıdır. Bu, Avropa Parlamentinin Aİ və Azərbaycan arasında partnyorluq və əməkdaşlıq müqaviləsinə dair 2012-ci il hesabatında ifadə etdiyi fikirlərə də uyğun deyil", - məktubda bildirilir.
Müraciətin sonunda Ermənistanın Xocalı aeroportunu yenidən açmasının Azərbaycan ərazisinin və hava məkanının suverenliyinin pozulması və bu gərgin zamanda hadisələrin ən faydasız inkişafı olacağı nəzərə alınaraq bu təşəbbüslərə etirazların bildirilməsi xahiş edilir. Belə ki, hər iki tərəf Minsk qrupundan danışıqları süst vəziyyətindən çıxarmağı gözləyir.
Müraciətin surəti Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştona da təqdim edilib. Avropa Azərbaycan Cəmiyyətinin Brüssel nümayəndəliyi Ermənistanın Xocalı aeroportu ətrafındakı canfəşanlığı barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyona da məktub göndərib.