...

Azərbaycan diasporu İsveç parlamentinə Xocalı soyqırımını müzakirəyə çıxarması ilə bağlı müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2014 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/

İsveçdə fəaliyyət göstərən "Azərbaycan naminə" Cəmiyyətinin sədri Nadir Hollenbrand İsveç parlamentinin üzvü, Moderat Partiyasından millət vəkili seçilmiş Marqareta Siderfelt ilə görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İsveç Riksdaqının binasında baş tutan görüşdə Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılmasına dair müzakirələr aparılıb. N.Hollenbrand Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycan şəhəri Xocalıda törətdiyi soyqırım haqqında ətraflı məlumat verib. İsveçli deputatı ermənilərin bir gecədə bütöv bir şəhəri yer üzündən silməsi, dinc əhaliyə divan tutması, 613 nəfərin işgəncələrlə qətlə yetirməsi, 487 nəfərin yaralanması, 1275 nəfərin əsir götürülməsi, 150 nəfərin itkin düşməsi barədə məlumatlandırıb.

Görüşdə M.Siderfeltin diqqətinə o da çatdırılıb ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları hələ də öz cəzasını almayıb. Halbuki Xocalı faicəsi XX əsrdə baş vermiş soyqırım və etnik təmizləmə hadisələrinin ən dəhşətlisidir. Azərbaycan diaspor rəhbəri N.Hollenbrand bütün bunları nəzərə alaraq, soyqırımın İsveç parlamentinin gündəliyinə salınması və müzakirəyə çıxarılması ilə bağlı M.Siderfeltə müraciət edib.

İsveç parlamentinin üzvü Azərbaycan diaspor rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son vəziyyət, bu günlərdə Azərbaycanın hava məkanında manevr edən Ermənistan silahlı qüvvələrinə aid helikopterin vurulmasına dair fikir mübadiləsi aparıb.

"Azərbaycan naminə" Cəmiyyətinin sədri Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılması ilə bağlı parlament və hakimiyyət orqanlarının nümayəndələri ilə görüş və müzakirələri davam etdirəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti