...

XİN: Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2014 19:23 (UTC +04:00)
D.Əsgərov və Ş.Quliyevin girovluqdan azad edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək.
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur və onun iddia olunan nəticəsi hər hansı hüquqi mahiyyət kəsb edə bilməz. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın kütləvi informasiya vasitələrində Dilgəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulmuş qondarma məhkəmə işinin başa çatması haqqında yayılan məlumatları şərh edərkən bildirib.

O, qeyd edib ki, D.Əsgərov və Ş.Quliyev Azərbaycan Respublikasının ərazisində ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qəddarcasına öldürülüb: "Ermənistan Avropa insan hüquqları konvensiyası, beynəlxalq humanitar hüquq, BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı konvensiyası və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt üzrə öhdəliklərini kobud şəkildə pozaraq, mülki şəxslərin girov götürülməsinə, işgəncələr əsasında onlardan ifadələrin alınmasına və saxta məhkəmə qarşısına çıxarılmasına görə məsuliyyət daşıyır".

XİN rəsmisinin sözlərinə görə, bir sıra beynəlxalq təsisatlar və dairələr insan hüquqlarının ümumbəşəri dəyər olduğunu xatırladaraq, insan hüquqları məsələsinə seçimli yanaşmayaraq, insan hüquqlarını kobud, sistematik və kütləvi şəkildə pozan Ermənistandan D.Əsgərov və Ş.Quliyevin dərhal azad edilməsini və itkin düşmüş dörd mindən artıq azərbaycanlının taleyi barəsində izahat verilməsini tələb etməlidirlər: "Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsinə də lazımı diqqət ayrılmalıdır".

H.Hacıyev deyib ki, D.Əsgərov və Ş.Quliyevin girovluqdan azad edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək.

Qeyd edək ki, ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Trend-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz "məhkəmə" bu gün başa çatıb.

Separatçı rejimin "birinci instansiya məhkəməsi" dekabrın 19-da keçirilən prosesdə "prokuror" Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti