...

Dağlıq Qarabağ münaqişəsində vaxt kimə işləyir? (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2015 15:51 (UTC +04:00)
Ərazi bütövlüyü prinsipi Dağlıq Qarabağ kimi münaqişələrin nizamlanmasında daha təsirli konsepsiyadır.
Dağlıq Qarabağ münaqişəsində vaxt kimə işləyir? (VİDEO)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Aygün Bədəlova/

Ərazi bütövlüyü prinsipi Dağlıq Qarabağ kimi münaqişələrin nizamlanmasında daha təsirli konsepsiyadır. Bunu Trend-ə "This week in focus" verilişi zamanı ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Ermənistanın bu münaqişədə vaxtın ona işlədiyini düşünməsi səhvdir: "Vaxt heç kimə işləmir. Hər keçən gün Ermənistan iqtisadiyyatının ziyanına işləyir. Azərbaycana gəlincə, ölkə üçün hər ötən gün öz işğal edilmiş əraziləri olmadan yaşanmış daha bir gün deməkdir. Bundan başqa, hər hansı münaqişə uzun müddət həll edilməmiş qalırsa, onu sonda nizamlamaq bir o qədər çətin olur".

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna gəlincə, M.Brayza qeyd edib ki, hazırda Rusiyanın əhvalı pozulub və Ukrayna böhranını nəzərə almaqla münaqişəni həll etmək arzusunda deyil: "Rusiyanın Ermənistana təsir imkanları böyükdür. Belə ki, Ermənistanda Rusiya hərbi bazası yerləşir, rusiyalı sərmayədarlar ölkənin bütün iri infrastruktruna nəzarət edir".

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi qətnamələrin niyə yerinə yetirilməməsindən danışan M.Brayza əlavə edib ki, bu, BMT-nin qətnamələrinin reallaşdırılması mexanizmlərinin yoxluğu ilə əlaqədardır: "Eyni zamanda, münaqişənin nizamlanması üzrə vasitəçilər bu məsələdə kifayət qədər kreativ deyillər və strateji düşünmürlər. İntellektual işə hazır olmadan və təmas nöqtələrinin tapılması üçün səbrə malik olmadan heç kəs vasitəçi ola bilməz".

Qeyd edək ki, verilişin buraxılışlarını "Twitter" və "Facebook"da izləyə bilərsiniz. Həmçinin, verilişin "YouTube" videoservisində öz kanalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti