...

Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlərə start verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2015 17:05 (UTC +04:00)
“İrəli” İctimai Birliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlərə start verib.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlərə start verilib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

"İrəli" İctimai Birliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlərə start verib. Trend xəbər verir ki, bunu İctimai Birliyin sədri Mirhəsən Seyidov jurnalistlərə açıqlamasında bildirib.

M.Seyidov qeyd edib ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində "İrəli" İctimai Birliyi tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "25-lər" filminin Türkiyədə təqdimatı keçiriləcək: "Fevralın 25-də Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən film Türkiyədə geniş auditoriyaya təqdim ediləcək. Film qısa zaman ərzində hazırlandı və əsas məqsəd ermənilərin törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaqdır. Film Türkiyədən başqa Avropa ölkələrində də yayımlanacaq".

"İrəli"nin həyata keçirəcəyi digər tədbirlərə toxunan M.Seyidovun sözlərinə görə, 26 fevral günü gənclərin Xocalı abidəsinə yürüşü keçiriləcək, eləcə də "Facebook" sosial şəbəkəsindəki böyük səhifələrə "Xocalı həqiqətləri" haqqında xüsusi olaraq hazırlanmış mesajlar göndəriləcək: "Əsas hədəf daha çox sosial yönümlü, eyni zamanda, "Facebook" tərəfindən rəsmi olaraq təsdiqlənmiş səhifələr olacaq. Əsasən ingilis dilində yayımlanacaq mesajlar müxtəlif dillərə tərcümə edilərək paylaşılacaq".

Eyni zamanda, "Twitter"də də Xocalı ilə bağlı sosial aksiyaların, gənclərin Xocalı soyqırımı ilə bağlı maarifləndirilməsi üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

"İrəli"nin sədri əlavə edib ki, o, fevralın 26-də Şimali Kiprdə keçiriləcək Xocalı tədbilərində də iştirak edəcək: "Bütün bu tədbirlər, sosial aksiyalar yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlib. Bu istiqamətdə gənclərin daha çox fəal olması vacibdir. Torpaqlarımızın tezliklə azad olacağı və Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanacağı gün uzaqda deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti