...

Nazir: Azərbaycan öz ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2016 17:19
Azərbaycan öz ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək.
Nazir: Azərbaycan öz ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan öz ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Praqada Vişeqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələr Avropa və onun tərəfdaşlarının sabitlik və təhlükəsizliyinə təhdid törədir: "Bu hədələr yalnız insanların həyatını deyil, həm də dinc birgə yaşamanı təmin edən əsas universal dəyərləri hədəfə alır. Multikulturalizm və müxtəliflik müasir birgə problemlərə qalib gəlmək üçün geniş şəkildə təşviq edilməlidir. Azərbaycan öz multikultural cəmiyyəti ilə bu baxımdan öz təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nin xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizim təcrübi fəaliyyətlərimizin modallıqlarını müəyyən etməkdə alət kimi baxırıq".

E.Məmmədyarov vurğulayıb ki, 25-27 aprel 2016-cı il tarixlərində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətlər və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoq və multikulturalizmi zorakılıq və ekstremizmə qarşı mübarizə aparmaq və hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etmək yolu kimi təşviq etməkdə rəhbər sənəd olacaq Bakı Bəyannaməsini qəbul edib: "Forumun mövzuları və alt-mövzuları inklüziv cəmiyyətləri davamlı inkişafının əsas komponenti kimi təşviq edən və ədalət, sülh və təhlükəsizliyin yaradılmasını özündə ehtiva edən Davamlı İnkişaf üçün Gündəlik-2030-da öz əksini tapıb. Forumda dövlət və hökumət başçıları, rəsmi şəxslər, akademiklər, ekspertlər və vətəndaş cəmiyyəti və media nümayəndələri də daxil olmaqla 4000-dən çox iştirakçı iştirak edib".

Nazir bildirib: "Aİ-nin qonşuluq siyasətində təhlükəsizlik problemlərini müzakirə edərkən, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünü qeyd etməyə bilmərəm. Bu ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində törədilmiş son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub. Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir".

XİN rəhbəri əlavə edib ki, Ermənistan münaqişənin həllində "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir: "Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır. Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan V4 və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti