...

Koreya parlamentində Xocalı soyqırımına həsr olunan sərgi və seminar keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2017 12:20 (UTC +04:00)
Koreya parlamentində Xocalı soyqırımına həsr olunan foto ərgi və seminar keçirilib.
Koreya parlamentində Xocalı soyqırımına həsr olunan sərgi və seminar keçirilib  (FOTO)

Bakı. Trend:

13-14 fevral tarixlərində Azərbaycanın Koreyadakı səfirliyi Koreya parlamentində fəaliyyət göstərən Koreya-Azərbaycan Dostluq Qrupu və Korea Post jurnalının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının, o cümlədən Koreya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının iyirmi beşinci ildönümü ilə bağlı Koreya Parlamentində foto sərgi və seminar keçirilib.

Səfirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Koreya münasibətləri tarixində ilk dəfə olaraq Koreya Parlamentinin əsas binasının dəhlizində keçirilmiş foto sərgidə Xocalı soyqırımını əks etdirən foto şəkillər və xaric kütləvi informasiya vasitələrində soyqırımı ilə bağlı nəşr olunmuş məqalələrdən ibarət stendlər quraşdırılıb və geniş ölçülü tele-ekranda Xocalı faciəsinə dair Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya Ədalət” adlı video çarx nümayiş etdirilib. Tədbir çərçivəsində həmçinin Xocalı soyqırımı haqqında Koreya dilində çap olunmuş ədəbiyyatlar və bukletlər sərgi ziyarətçilərinə təqdim olunub.

Foto sərginin keçirildiyi dəhlizdə Koreya dilində “Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilmiş keçmişdən bu günə Azərbaycan reallıqları adlı fotosərgi” və ingilis dilində “Jusitice for Khojaly” yazılmış böyük ölçülü plakat asılıb, “Xocalıya Ədalət” bannerləri quraşdırılıb.
Bununla yanaşı foto sərgidə Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlər nəticəsində dəyişən müasir simasını və Azərbaycan-Koreya münasibətlərini əks etdirən foto şəkillər və həmçinin geniş ölçülü tele-ekranda video çarx nümayiş etdirilib.

Foto sərginin keçirildiyi dəhliz Koreya Parlamentinin bütün üzvlərinin ofislərinin yerləşdiyi inzibati binanın əsas girişində yerləşir və Koreya parlamentariləri, onların əməkdaşları və habelə digər qonaqlar məhz bu dəhlizdən keçməklə binaya daxil olurlar. Sərginin keçirildiyi 2 gün ərzində koreyalı millət vəkilləri ilə yanaşı, yüzlərlə koreyalı vətəndaşlar foto sərgiyə böyük maraq göstərib, Azərbaycan reallıqları, xüsusilə Xocalı faciəsi barədə Koreya ictimaiyyətinin məlumatlandırılmasına görə tədbirin təşkilatçılarına təşəkkürlərini ifadə ediblər.

Bundan başqa, 14 fevralda Parlamentin binasında “Keçmişdən bu günə Azərbaycan reallıqları” adlı seminar keçirilib. Koreyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Koreya Parlamenti üzvlərinin köməkçiləri, dövlət qurumlarının əməkdaşları və akademik dairələr, o cümlədən, yerli kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə Koreya və Azərbaycan parlament dostluq qrupunun sədri Hvanq Yonq-çol, Parlamentin keçmiş sədr müavini Park Byonq-su, xanım millət vəkili Park İn-suk və “The Korea Post” Media qrupunun sədri Li Kyunq-şik fəxri qonaqlar qismində iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov Azərbaycan-Koreya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə təsadüf edən tədbirin məhz Koreya Parlamentində keçirilməsinin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib, foto sərginin və seminarın təşkilinə göstərdikləri dəstəyə görə Parlament dostluq qrupunun sədri Hvanq Yonq-çola və millət vəkili xanım Park İn-suka minnətdarlığını ifadə edib. Səfir çıxışında 25 il bundan əvvəl müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ictimaiyyət ilə münasibətlər qurduğu dövrdə özünün müasir tarixinin ən ağır dövrlərini yaşadığını bildirib, Azərbaycanın üzləşdiyi çətinlikər və faciələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına məlumat verib. Səfir bütün çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın öz küllərindən yenidən doğduğunu və Prezident İlham Əliyevin rəhbərliyində sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb, Azərbaycanın əldə etdiyi nailiyyətlər barəsində danışıb. Səfir həmçinin, Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının tarixinə nəzər salmış və 2006-2007-ci illərdə ölkə başçılarının qarşılıqlı yüksək səviyyəli səfərlərindən sonra ikitərəfli əlaqələrdə əldə olunmuş nailiyyətlərdən bəhs edib.

Tədbirdə həmçinin, Parlament dostluq qrupunun sədri Hvanq Yonq-çol, Parlamentin keçmiş sədr müavini Park Byonq-su, xanım millət vəkili Park İn-suk və “The Korea Post” Media qrupunun sədri Li Kyunq-şik çıxış edərək, Azərbaycanda dəfələrlə səfərdə olduqlarını bildirib, Azərbaycan haqqında təəssüratlarını bölüşüb və Azərbaycan-Koreya əlaqələrinin inkişafı barəsində danışıblar. Çıxış edənlər həmçinin, Xocalı soyqırımına münasibət bildirərək tarixdə hələ də bu kimi faciələrin təkrar baş verməsindən təəssüf hisslərini ifadə ediblər, o cümlədən, Koreya tarixində buna bənzər oxşar faciələrin mövcud olduğunu dilə gətiriblər.

Çıxışlardan sonra səfirliyin müşaviri Vaqif Cəfərov tərəfindən “Keçmişdən bu günə Azərbaycan” adlı təqdimat Koreya dilində tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Təqdimatda Azərbaycanın 20-ci əsrdə üzləşdiyi tarixi hadisələr və faciələr, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri, Azərbaycanda həyata keçirilmiş uğurlu enerji strategiyası və siyasi islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər və siyasi sabitlik haqqında təfsilatlı məlumatlar yer alıb. Daha sonra isə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyin dəstəyi ilə Buta Tələbə təşkilatı tərəfindən Koreya dilinə tərcümə edilmiş “Xocalıya Ədalət” adlı video filim nümayiş etdirilib.

Tədbirin son hissəsində Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin inkişafında xidmətləri olan KR Milli Assambleyasının üzvləri Hvaqn Yonq-çol, Park Byonq-su və Park İn-suka, o cümlədən, “The Korea Post” media qurumunun sədrinə səfirlik tərəfindən xüsusi hazırlanmış fəxri fərqlənmələr təltif edilib. Öz növbəsində “The Korea Post” media qrupunun prezidenti Li Kyunq-şik Koreya və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına göstərdikləri dəstəyə görə Səfir Rəmzi Teymurov və millət vəkili Hvanq Yonq-çola fəxri fərqlənmələr təltif edib. Seminar çərçivəsində həmçinin Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beşinci ildönümü ilə bağlı Səfirlik tərəfindən hazırlanmış xüsusi loqonun təqdimatı keçirilib. Tədbirdən sonra, millət vəkilləri və digər iştirakçılarla birgə Xocalı soyqırımının və diplomatik münasibətlərin qurulmasının iyirmi beşinci ildönümünə həsr edilmiş foto sərgiyə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti