Bakı. Trend:
Rusiya Federasiyası vətəndaşı, “Родник” qəzetinin jurnalisti Svetlana Sarıçeva Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məktubunda S.Sarıçeva 2012-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Jurnalist Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Sarıçeva Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.
Həmçinin o, Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.
S.Sarıçeva gələcəkdə Azərbaycan təbiətinin gözəlliyindən zövq almaq məqsədilə ailəsilə birlikdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.