Bakı. Trend:
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, polkovnik-leytenant Firdovsi Umudov da hazırda ön cəbhədədir. Tanınmış mütəxəssis azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan sərhədçilərinə bayraq təqdim etdiyi fotolarını sosial şəbəkə hesablarında paylaşıb.
Trend-in məlumatına görə, Umudov sosial şəbəkədə bununla bağlı fikirlərini də açıqlayıb. Mütəxəssis tarixi qələbəmizdən söz açıb:
“Ali Baş Komandanın rəhbərliyi altında biz tarixi qələbə qazandıq. Məhz prezidentimizin rəhbərliyi ilə biz sərhədlərimizi bərpa edirik. Bizim uzun illərdir beynəlxalq yarışlarda qaldırdığımız bayrağı Vətən müharibəsində qalib gəlmiş qardaşlarıma təqdim edirəm. Biz hamımız Azərbaycana xidmət edirik. Biz həmişə bütün şəhidlərimizi xatırlayacağıq. Yaralılarımıza isə tez bir zamanda sağalmalarını arzulayıram. Qarabağ bizimdir! Qarabağ - Azərbaycandır!".