Bakı. Trend:
2020-ci ildə Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibə nəticəsində uzun illər işğal altında qalmış Azərbaycan əraziləri azad edilərək ölkənin beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü bərpa edilib. Hazırkı post-konflikt dövründə iki ölkə arasında aparılan danışıqlarda əsasən sülh müqaviləsinin imzalanması, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən kommunikasiyaların qarşılıqlı əsaslarla açılması əsas müzakirə mövzularıdır. Cari ilin aprel ayından etibarən iki ölkə sərhədinin Laçın istiqamətində rəsmi Bakı tərəfindən nəzarət-buraxılış və gömrük məntəqələrinin qurulması bir daha Qarabağ münaqişəsinin tarixə qovuşduğunu göstərən mühüm nəticə idi. Təsadüfi deyil ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam şəkildə təmin olunduğunun göstəricisi hesab edilən Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğu ölkə ictimaiyyəti qarşısında rəsmən bildirildi. Lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağın dağlıq ərazilərində özünü erməni əhalisinin rəhbərləri olaraq qələmə verən bir qrup şəxslərin separatçı düşüncələri və buna uyğun atdıqları addımlar davam etməkdədir. Qarabağın daxilində qanunsuz erməni silahlı qruplaşmalarının yerdəyişməsi və müxtəlif istiqamətlərdə hərbi təlimlərin aparılması prosesi hələ də müşahidə edilir. Son vaxtlarda separatçılar tərəfindən intensivləşən hərbi fəaliyyətlərdə yetkinlik yaşına çatmayan erməni uşaqlarından istifadə edilməsi halları yenidən üzə çıxır. Bir neçə gün öncə Qarabağda azyaşlı uşaqların hərbi formada hərəkət etdiyi kadrların olduğu video erməni bloqqerləri tərəfindən sosial şəbəkələrdə yayımlanıb.
Şəkil 1. Qarabağda qanunsuz hərbi birləşmələrin hazırlıqlarına qatılan azyaşlı uşaqlar.
Qeyd edək ki, II Qarabağ müharibəsi dövründə də erməni tərəfinin döyüş mövqelərindəki vəziyyəti əks etdirən video süjetlərdə azyaşlı uşaqların müxtəlif vəzifələri icra etməsi halları mövcud idi. Bundan əlavə yetkinlik yaşına çatmayan uşaqların müdafiə və digər hərbi təyinatlı fəaliyyətlərə bağlı təlimlərdə iştirakı haqda kifayət qədər geniş foto və video görüntülər var. Aşağıdakı şəkillər hazırda Qarabağda fotoqraf olaraq fəaliyyət göstərən erməni bloqqeri tərəfindən şəxsi instagram sosial şəbəkə hesabında paylaşılıb. Şəkillərdə II Qarabağ müharibəsindən bir müddət öncə (2020-ci ilin iyul ayında) Xocalı rayonunun Xanabad kəndində keçirilən erməni uşaqlarının ilkin hərbi hazırlıq təlimlərində iştirakı əks olunur.
Şəkil 2. Azyaşlı erməni uşaqlarının ilkin hərbi hazırlıq təlimlərində iştirakı ilə bağlı Instagram platformasında paylaşılan şəkil.
Şəkil 3. Azyaşlı erməni uşaqlarının ilkin hərbi hazırlıq təlimlərdə iştirakı ilə bağlı Instagram platformasında paylaşılan digər şəkil.
Hazırkı post-münaqişə dövründə Qarabağın dağlıq hissəsində yaşayan erməni əsilli vətəndaşların reinteqrasiya prosesini həyata keçirmək məqsədi ilə rəsmi Bakı tərəfindən dialoq təklifi irəli sürülsə də, separatçılar tərəfindən prosesi pozmaq məqsədi daşıyan bəzi siyasi, eləcə də hərbi fəaliyyətlərə cəhdlər edilir. Bir müddət öncə Qarabağa gələrək rəsmi Bakı ilə region arasında reinteqrasiya prosesinin qarşısını almağa çalışan və sadə erməni vətəndaşları Azərbaycana qarşı mübarizəyə səsləyən Ruben Vardanyanı qeyd etmək lazımdır. Məhz Ruben Vardanyan tərəfindən yaradılan “Biz və Dağlarımız” (“Мы — Наши Горы” / “We Are Our Mountains”) adlı inkişaf agentliyinin Qarabağda icra etdiyi layihələr içərisində “Davit bek Gənclər Çempionatı” (“Davit Bek” Youth Championship / Юношеский Чемпионат “Давид-Бек”) adlı sistemli hərbi təlim və hazırlığı özündə ehtiva edən yarışın keçirilməsi də qeyd edilir. Gənclər arasında keçirilən idman yarışı olaraq adlandırılan bu tədbir Xankəndi şəhərində fəaliyyət göstərən məktəblərin 16-18 yaş aralığında olan oğlan və qızları arasında keçirilməsi planlaşdırılır[1]. Tədbirin keçirilməsində məqsəd gənclər arasında hərbi mövzuların təbliğ edilməsi, gənclərin döyüş əməliyyatlarına hazırlığının təmin edilməsi və təcrübəli döyüş hissələrinin formalaşdırılması olduğu bildirilir. Lakin yarış elan olunduqdan bir müddət sonra Azərbaycan mətbuatında layihənin maliyyələşməsində beynəlxalq xarici bankların rolu ilə bağlı ifşa edici materiallar yayımlandıqdan sonra, “Biz və Dağlarımız” inkişaf agentliyi tərəfindən layihənin məqsədi və vəzifələri haqda ictimaiyyətə açıqlanan məlumatların təhrif edilməsinə cəhd göstərilib.
Şəkil 4. Yetkinlik yaşına çatmayan uşaqların qatıldığı Davit Bek oyunları haqda açıqlanan əvvəlki məlumat.
Şəkil 5. Layihə haqda məlumatların yenilənən (təhrif edilən) variantı.
Azərbaycan Respublikasının beynəlxalq hüquq və normalar çərçivəsində suveren ərazisi olaraq qəbul edilən Qarabağ ərazilərində azyaşlı erməni uşaqlarının hərbi idman növü vəya ilkin hərbi hazırlıq təlimləri adı altında separatçı və terrorist fəaliyyətlərə yönəldilməsi bəşəri cinayətdir. Son günlərdə sosial şəbəkələrdə yayımlanan görüntülər, o cümlədən müxtəlif erməni silahlı qrupları tərəfindən fərqli oyunlar adı altında yetkinlik yaşına çatmayan uşaqların Qarabağ ərazilərində hərbi təlimlərə cəlb edilməsi, yeni nəsilə nifrət və düşmənçiliyin aşılanaraq Azərbaycanla yeni müharibəyə hazırlanmasına səbəb olur. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bu ilin yanvar ayında Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı hazırlanan hesabat sənədi BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına təqdim edilib. Məlumat üçün bildirək ki, silahlı münaqişələrdə uşaqları qorumaq üçün prinsiplər və müddəalar 1949-cu il Cenevrə Konvensiyalarında və onların 1977-ci il Əlavə Protokollarında, həmçinin 1989-cu il Uşaq Hüquqları Konvensiyasında onun 2000-ci ildə uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokolunda öz əksini tapır. Hesabat sənədində Ermənistan Respublikasının beynəlxalq hüquqla təsbit edilən norma və prinsipləri, o cümlədən üzərində götürdüyü öhdəliklərini kobud şəkildə pozduğu qeyd edilir.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) Statusunda 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin müharibə cinayəti qismində təsnif olunması müəyyən edilib.
Özünü Qarabağda yaşayan erməni vətəndaşların lideri kimi təqdim etməyə çalışan Arayik Harutyunyan, Ruben Vardanyan başda olmaqla separatçı rəhbərliyin azyaşlı uşaqlardan hərbi fəaliyyətlərdə istifadə etməsi beynəlxalq cinayətidir. Hazırda dünyada varlığını davam etdirən İŞİD, YPG/PKK, Əl-Qaidə və digər bir sıra terror təşkilatlarının təlim düşərgələrində, eləcə də icra etdikləri terror aktlarında azyaşlı uşaqlardan istifadə edilir. Bu haqda beynəlxalq təşkilatların hesabatlarında kifayət qədər geniş məlumata rast gəlmək mümkündür.
Şəkil 6. İŞİD terror təşkilatının uşaqlardan ibarət xüsusi dəstəsi.
Şəkil 7. YPG/PKK terror təşkilatının uşaq döyüşçüləri.
Təəssüflə qeyd etmək lazımdır ki, adı çəkilən terror təşkilatlarının yürütdüyü dəst-xətt Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində də aparılmaqdadır. Lakin VoMA, POGA və digər müxtəlif erməni silahlı qrupları tərəfindən Qarabağ ərazilərində icra edilən qanunsuz hərbi fəaliyyətlərə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən diqqət yetirilməməkdədir. Rəsmi Bakı BMT və onun ixtisaslaşmış təsisatları (UNICEF) başda olmaqla digər beynəlxalq təşkilatların, o cümlədən insan hüquqları sahəsində qlobal nüfuza malik Human Rights Watch, Amnesty International təşkilatlarının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross) məsələyə münasibət bildirərək separatçılar tərəfindən yürüdülən fəaliyyətə müdaxilə etməsinə çağırır.