...

Aydın Mirzəzadə: "Dağlıq Qarabağda referendum keçirilməsi müzakirə mövzusu ola bilməz"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2006 12:35 (UTC +04:00)

Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı təklif olunan "Çərçivə sazişi"ndə referendumun keçirilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, politoloq Aydın Mirzəzadə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın təklif etdiyi "Çərçivə sazişi"nə münasibət bildirərkən qeyd edib.

A.Mirzəzadə bildirib ki, "Çərçivə sazişi"nin ictimaiyyətin müzakirəsinə verilməsi də qarşıya qoyulan məqsədlərindən biridir: "Bu gün Azərbaycan müxalifəti bu variantı qəbul edilmiş kimi təqdim etməyə çalışır. Əslində bu belə deyil, bu, müzakirə edilən varinatdır. Azərbaycan tərəfi də müzakirə olunan məsələlərin heç birinə razılıq verməyib. Ancaq bizim imkanımız var ki, təklif olunan variantları müqayisə edək".

Millət vəkili təklif olunan variantla bağlı şəxsi fikrini də bildirib: "Orada müəyyən real və diqqəti cəlb edən məqamlar var. İlk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilən ərazilərindən çıxarılmasıdır. Həmsədr ölkələr etiraf edirlər ki, Azərbaycan torpaqları həqiqətən də ermənilər tərəfindən işğal edilib. Digər bir məqam Azərbaycan tərəfinin ermənilərin təhlükəsizliyini təmin etməsi üçün sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi məsələsinin müzakirəsidir. Bunlar beynəlxalq hüquq normalarına uyğun olan məsələlərdir".

A.Mirzəzadə bildirib ki, bu məsələni tənzimləmək üçün Dağlıq Qarabağda referendum keçirilməsi təklifi Azərbaycanı qane edə bilməz: "Ölkənin bir hissəsində referendumun keçirilməsi konstitusiyamızda yoxdur. İkincisi də, bu prosesin həyata keçirilməsi digər dövlətlər üçün də arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki digər dövlətlərdə də kompakt şəkildə məskunlaşan ermənilər referendum yolu ilə özlərini müstəqil elan edə bilərlər. Ona görə də bu məsələ müzakirə mövzusu ola bilməz. Ona görə də təklif olunan variantdan bu məsələ çıxarılmalıdır".

Xəbər lenti

Xəbər lenti