...

Azərbaycanlı politoloqlar tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın olması fikri ilə razılaşmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə bir neçə dəfə yaxın olublar, lakin sonradan bunu həyata keçirmək mümkün olmayıb. Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın olmalarına dair bəyanatını şərh edən politoloq Rasim Musabəyov belə deyib.

Musabəyov vurğulayıb ki, tərəflərin münaqişənin həllinə yaxın olduqlarını yalnız Ermənistanın xarici siyasət idarəsinin rəhbəri demir. Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov da bildirib ki, tərəflər 10 bənd üzrə danışıqlar aparırdılar və onlardan yalnız biri razılaşdırılmayıb. Bu isə onu göstərir ki, xarici işlər nazirləri kifayət qədər məhsuldar danışıqlar aparıblar. "Oskanyanın bəyanatını o baxımdan qiymətləndirmək lazımdır ki, xarici işlər nazirləri boş-boşuna görüşmürlər, tərəfləri yaxınlaşdıran məqamları müzakirə edərək, sənəd üzərində işləyirlər, prosesi irəli aparırlar. Lakin nəticə əldə etmək onların iradəsindən uzaqdır. Bu, daha çox prezidentlər və hər iki dövlətdə hakim elitaların razılaşmaya gedib-getməmələrindən asılı olacaq" - deyə politoloq əlavə edib.

XİN rəhbərlərinin bu gün Belqradda keçiriləcək görüşünə gəlincə, ekspertin qənaətincə, bu görüş daha çox gələcəkdə əldə olunması mümkün sayılan irəliləyişlər üçün hansısa baza yaratmaq məqsədi daşıyır. Bu hansısa bir dəqiqləşdirmə, məsləhətləşmə xarakteri daşıyan bir görüşdür.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan rəsmiləri bundan əvvəl də dəfələrlə danışıqlar, münaqişənin həlli ilə bağlı müxtəlif bəyanatlar veriblər.

"Hər dəfə isə bunun bir erməni hiyləsi olduğunu görmüşük. Ona görə də Oskanyanın bəyanatının nə qədər reallığı əks etdirdiyini və Ermənistanın münaqişənin həllinə hazır olduğunu zaman göstərəcək" - deyə Mirzəzadə bildirib.

Mirzəzadə deyib ki, bu gün Ermənistanda hakimiyyətdə olanların gələcəyi ilə yanaşı bu ölkənin gələcəyi də sual altındadır: "Görünür Ermənistanda ən radikal mövqedə duran insanlar belə dərk etməyə başlayıblar ki, Azərbaycan torpaqlarını işğaldan azad etməkdən və Azərbaycanla normal qonşuluq münasibətləri qurmaqdan başqa çıxış yolları yoxdur. Ona görə də cəmiyyətlərini bu prosesə hazırlamaq istəyirlər. Bizim üçün əsas olan torpaqlarımızın işğaldan azad olunmasıdır."

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, tərəflər münaqişənin həllindən uzaqdırlar. Onun fikrincə, Azərbaycan və Ermənistanın münaqişənin həllinə yanaşması bir-biri ilə ziddiyyət təşkil edir.

"Tərəflərin indiki mövqeyini nəzərə alsaq, münaqişənin həlli mümkün deyil. Münaqişənin həllindən sonra tərəflər arasında münasibətləri tənzimləyə biləcək istənilən məsələ ilə bağlı razılaşma əldə etmək olar. Amma Dağlıq Qarabağın statusuna dair razılıq əldə etmək mümkün deyil. Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsini, ermənilər isə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını istisna edir. Bu bir-birinə zidd mövqeləri uzlaşdırmaq mümkün deyil" - deyə Əlizadə vurğulayıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti