...

DAK Səttərxanın yaşadığı binanın uçurulmasına etirazını bildirir

Siyasət Materials 17 Sentyabr 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycanın görkəmli ictimai xadimi, milli hərəkat liderlərindən biri Səttərxanın Təbriz şəhərinin Əmirxızı məhəlləsində yerləşən yaşadığı binanın uçurulmasına etirazını bildirir. Trend in məlumatına görə, bu barədə DAK-ın bazar ertəsi yaydığı bəyanatda bildirilir.

İranın rəsmi "Fars" xəbər agentliyinin yaydığı məlumatda deyilir ki, Səttərxanın vaxtilə yaşadığı tarixi bina bir şirkət tərəfindən satın alındıqdan sonra bu sahədə yeni tikinti aparılacaq və ev tamamilə uçurdulacaq.

İranda tarixi abidələrin qorunması ilə "Mədəni irs" təşkilatı məşğul olur. Təşkilat məsələ ilə bağlı yaydığı rəsmi açıqlamasında bildirib ki, "1905-11-ci illərdə İranda baş vermiş Məşrutə İnqilabının məğlubiyyətindən sonra çar ordusu Təbriz inqilabçılarının bütün bazarlarını, o cümlədən inqilab rəhbəri olmuş Səttərxanın evini top atəşinə tutub və bunun nəticəsində həmin tikililəri qorumaq mümkün olmayıb".

DAK "Mədəni irs" təşkilatının yaydığı bu bəyanatı əsassız sayır və bildirir ki, istənilən binanı yenidən bərpa etmək mümkündür: "Amma görünür, Tehran rejimi azərbaycanlılara aid tarixi abidələri yaşatmaq yox, məhv etmək istəyir" - deyə DAK vurğulayıb.

DAK həmçinin bəyan edir ki, İran rejiminin Cənubi Azərbaycandakı mədəni abidələri dağıtması UNESKO-nun Nizamnaməsinə ziddir.

DAK 1997-ci ildə ABŞ-da yaradılmış iri diaspor təşkilatıdır. Təşkilat dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi, Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

"Azadlıq" radosunun məlumatına görə, İran parlamentində Təbrizdən olan deputatlar Əkbər Ələmi və Məmmədrza Mir Tacəddin də Səttərxanın yaşadığı binanın bu günə qədər tarixi abidə kimi qeydiyyatdan keçirilməməsinə etiraz ediblər. Azərbaycanlı deputatlar Təbriz bələdiyyəsinin və "Mədəni irs" təşkilatının Səttərxanın evinin satılmasına icazə verməsini etirazla qarşılayıblar. Onlar "Mədəni irs"in izahatı ilə də razılaşmayaraq bildiriblər ki, 90 il bundan əvvəl rus ordusunun hücumu zamanı Səttərxanın yaşadığı binanın yalnız kiçik bir divarı uçurdulub. Evin qalan hissəsi diqqətsizlik ucbatından və onun kənarındakı yeni tikintilər nəticəsində viran olub.

Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyon yerli azərbaycanlı yaşayır.

1906-cı ildə İranda Məşrutə İqilabı baş verib, hərəkatın məqsədi diktator şah rejiminin səlahiyyətlərini ondan alaraq xalqa vermək olub. Hərəkat İranda ilk Milli Məclisin və Konstitusiyanın yaradılmasına nail olub. Səttərxan inqilabın ən aparıcı fəallarından olub. 1908-ci ilin iyununda Milli Məclis rus qoşunları tərəfindən dağıdılıb, 1909-cu ildə isə İranda erməni daşnak partiyasının sədri, polis idarəsinin rəisi olmuş erməni mənşəli Yəprəmxan Məşrutə fədailərini tərksilah edib, çoxlarını həbsə atdırıb və qətlinə göstəriş verib.

Xəbər lenti

Xəbər lenti