...

Azərbaycanda inzibati məhkəmələr fəaliyyətə başlayacaq

Siyasət Materials 17 Sentyabr 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanda yeni İnzibati Məhkəmələr yaradılacaq. Bu barədə bazar ertəsi Bakıda məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri, millət vəkili Əli Hüseynov qeyd edib ki, İnzibati-Prosessual Məcəllə Milli Məclisdə qəbul olunduqdan sonra ölkədə inzibati məhkəmələr də fəaliyyətə başlaya bilər.

"İnzibati-Prosessual Məcəllənin qəbul olunmasına böyük ehtiyac var. Əgər parlamentin payız sessiyasında İnzibati-Prosessual Məcəllənin qəbulunu təxmin etsək, artıq inzibati məhkəmələr fəaliyyətə başlaya bilər. Beləliklə də, vətəndaş-məmur münasibətlərində yaranan mübahisələr qısa zaman çərçivəsində çevik həllini tapacaq"-deyə komissiya sədri bildirib.

Onun fikrincə, inzibati məhkəmələrin fəaliyyətə başlaması digər məhkəmə instansiyalarına inzibati qərarlardan edilən şikayətlərin azalmasına, həmin məhkəmələrin iş yükünün aşağı düşməsinə gətirib çıxaracaq: "Ona görə də İnzibati-Prosessual Məcəllənin qəbulu olduqca vacibdir və güman edirəm, biz bu sənədi payız sessiyasında üç oxunuşdan keçirərək qəbul edəcəyik".

Qanun layihəsinə görə, inzibati məhkəmələr iki pilləli olacaq. Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə İnzhibati mübahisələrə dair işlər üzrə kollegiyalar yaradılacaq. Apellyasiya məhkəmələrində yaradılacaq kollegiyalar birinci instansiya məhkəmələri kimi nəzərdə tutulub. Ali Məhkəmədə formalaşdırılacaq kollegiya isə, yuxarı instansiya məhkəmələri kimi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti