...

ADP "Dağlıq Qarabağ Konsepsiyası"nı Prezident Aparatına təqdim edib

Siyasət Materials 18 Sentyabr 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) hazırladığı Dağlıq Qarabağ konfliktinin dinc yolla həllinə dair Konsepsiyanı Prezident Aparatına təqdim edib. Bu barədə çərşənbə axşamı Trend ə ADP-dən məlumat verilib.

Sənəd Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova ünvanlanıb. Partiya sədrinin birinci müavini Həsrət Rüstəmovun imzası ilə göndərilən məktubda bildirilib ki, Konsepsiyada nəzərdə tutulmuş prinsiplər Azərbaycan iqtidarı tərəfindən qəbul olunarsa, Dağlıq Qarabağ probleminin həllinə dair Ermənistanla Azərbaycan arasında mövqelərin uzlaşdırılması və siyasi dialoqun başlanması reallaşa bilər.

Konsepsiyadakı təkliflərin nədən ibarət olması KİV-ə açıqlanmayıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin, hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti