Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Vəhdət Partiyası (VP) prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcək, çərşənbə günü Trend ə açıqlamasında VP sədri Tahir Kərimli bildirib.
"Partiyanın prinsipial mövqeyi ondan ibarətdir ki, partiya öz namizədi ilə seçkilərə qatılmayacaq və YAP-ın namizədini dəstəkləyəcək"- Kərimli deyib.
Azərbaycanda prezident seçkiləri gələn il oktyabrın 15-də keçiriləcək. Seçkilərə rəsmi start verilməsə də, bəzi partiyalar mövqelərini açıqlayıb. YAP rəsmiləri namizədlərinin partiyanın sədri, indiki prezident İlham Əliyev olacağını bildiriblər.
Kərimlinin sözlərinə görə, seçkilərə rəsmi start veriləndən sonra partiyanın qurultayı keçiriləcək və YAP-ın namizədinin dəstəklənməsi rəsmən bəyan ediləcək. Partiya sədri hesab edir ki, Əliyevin namizədliyini dəstəkləyən partiyaların Vahid Seçki Məntəqəsi yaradılmalıdır. "Biz bu təkliflə çıxış etmişik və hakim Yeni Azərbaycan Partiyasının mövqeyini gözləyirik"- Kərimli bildirib.
YAP-dan bildiriblər ki, bununla bağlı təklif partiyaya daxil olmayıb. "Partiyaya rəsmi müraciət daxil olunduqdan sonra məsələ müzakirəyə çıxarıla bilər"- partiyadan deyiblər.
Vəhdət Partiyası 2006-cü ilə qədər müxalifət mövqeyində olub. Azərbaycan Ali Məhkəməsinin keçmiş sədri, sabiq millət vəkili Tahir Kərimlinin sədrlik etdiyi partiya hazırda iqtidarın siyasi kursunu dəstəkləyir.