Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Rusiyanın Ermənistan ərazisində ikinci hərbi baza yaratması Moskvanın işğalçı dövləti dəstəkləməsini göstərən növbəti fakt olacaq.
Bu barədə cümə axşamı Bakıda Azərbaycan parlament sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyanın sədri Ziyafət Əsgərov bildirib.
"Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratması bölgədə olan gərgin vəziyyəti daha da gərginləşdirəcək" - deyə birinci vitse-spiker əlavə edib.
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Bəzi məlumatlara görə, rusiyalı hərbçilər Ermənistan ərazisində Rusiyaya məxsus ikinci hərbi bazanın yaradılması məsələsini müzakirə edəcəklər. Hazırda Ermənistanın Qümrü rayonunda hərbi bazası mövcuddur, həmin hərbi bazada Rusiyanın 102 saylı hərbi hissəsi yerləşdirilib.
Əsgərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların indiki mərhələsində Rusiyanın Ermənistan ərazisində ikinci hərbi baza yaratması hansı dövlətin kimin tərəfində olduğunu göstərir.
"Bu, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində obyektiv və tərəfsiz vasitəçi olmasına kölgə salacaq" - deyə Əsgərov bildirib.