...

Azərbaycanda kənd adlarının dəyişdirilməsi deputatların narazılığına səbəb olub

Siyasət Materials 4 Oktyabr 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Milli Məclisin Toponimiya Komissiyasının cümə axşamı keçirilən iclasında Azərbaycanın bir necə rayonunun ümumilikdə 150 kəndinin adının dəyişdirilməsi məsələsi müzakirə edilib və bu millət vəkillərinin ciddi narazılığına, onlar arasında emosional mübahisələrə səbəb olub.

İclasda Ağcəbədinin 4, Ağsunun 2, Astaranın 28. Baləkənin 3, Bərdənin 1, Biləsuvarın 2, Daşkəsənin 5, Dəvəçinin 1, Xaçmazın 4, Xocavəndin 3, İsmayıllının 2, Qaxın 3, Qazaxın 1, Qəbələnin 1, Qobustanın 5, Qubanın 4, Qusarın 22, Lerikin 7, Lənkəranın 14, Masallının 8 kəndinin adının dəyişdirilməsi müzakirə olunub.

İlk olaraq Ağcəbədi rayonunun Biləyən kəndinin adının Biləğən adlandırılması müzakirə edilib.

Bu məsələ onunla əsaslandırılıb ki, yerli əhali kəndi Biləğən adlandırır və son zamanlar tərtib olunan rəsmi sənədlərdə, möhür və ştamplarda da bu formada qeyd olunur. Bundan başqa, Ağcəbədi rayon İcra Hakimiyyəti Milli Məclisə rəsmi məktubla müracitət edərək Biləyən kəndinin adının dəyişdirilməsini təklif edib.

Millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, nə Biləyən, nə də Biləğən adlarının heç bir tarixi mənası yoxdur. Onun fikrincə, əhali sözün mənasını bilmir. Ona görə də bu adın dəyişdirilməsinə ehtiyac yoxdur: "Əgər kənd sakinlərinin istəyinə uyğun olaraq kənd adlarını dəyişdirsək bu, ölkədə anarxiya yaradacaq və ölkədə həlli mümkün olmayan problemlər yarana bilər. Hər ləhciyə uyğun ad dəyişdirmək olmaz. Kəndlərin adının dəyişdirilməsi dövlət siyasətinə uyğun həyata keçirilməlidir".

Rüstəmxanlı qeyd edib ki, Azərbaycanda icra başçıları var ki, kəndə öz atasının adını verir. Bunun üçün kənd sakinləri yığıb protokol tərtib edib, Milli Məclisə göndərirlər: "Kənd adları dialektə deyil, Azərbaycan dilinin ahənginə və qramatikasına uyğun dəyişdirilməlidir".

Deputat Nizami Xudiyev isə bildirib ki, Biləyən bilici adam mənası verir və dilin ahəng qanununa uyğun səslənir: "Kənd adları kənd sakinlərinin istəyi ilə yanaşı mütəxəssislərin rəyi əsasında dəyişdirilməlidir. Ona görə də Biləyənin Biləğənlə dəyişdirilməsinə ehtiyac yoxdur".

Onun sözlərinə görə, rayonlarda kənd ağsaqqallarını öyrədirlər və onlar 5-10 nəfəri başına yığıb kənd adlarının dəyişdirilməsi təklifi ilə çıxış edirlər. Həmin adamların məqsədi öz ata-babalarının adını kəndə verməkdir: "Hər etnik xalqın dilinə uyğun olaraq yerlərin adını dəyişdirmək olmaz. Belə olsa Azərbaycan dili sıradan çıxacaq. Azərbaycan dili dövlət dilidir. Çoğrafi adlar Azərbaycan dilinə uyğunlaşdırılmalıdır".

Millət vəkili Fəttah Heydərov isə hesab edir ki, çoğrafi adlardakı "xan", "ğən" sonluqları ermənilərə məxsusdur: "Ermənilər Azərbaycana məxsus çoğrafi adların sonuna "xan", "ğən" artırmaqla bu yerlərin onlara məxsus olduğunu sübüt etmək istəyirlər. Ona görə də çoğrafi adların sonuna "xan", "ğən" artırmaq olmaz".

Qarşılıqlı ittihamlarla müşahidə olunan müzakirələrdən sonra Ağcəbədi rayonunun 4 kəndinin adının dəyişdirilməsi təxirə salınıb və məsələ geri qaytarılıb.

Sonra Astara rayonunun 28 kəndinin adının dəyişdirilməsi müzakirə olunub. Bu məsələ talış dili ilə bağlı olduğu üçün araşdırılmaq üçün Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna göndərilib.

Xəbər lenti

Xəbər lenti