...

Millət vəkili: "Hərbi qulluqçuların inzibati həbsi haqqında" qanunla bağlı fikir ayrılıqları var

Siyasət Materials 8 Oktyabr 2007 13:14 (UTC +04:00)
Millət vəkili: "Hərbi qulluqçuların inzibati həbsi haqqında" qanunla bağlı fikir ayrılıqları var

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Hərbi qulluqçuların inzibati həbsi haqqında" qanunun qəbulu ilə bağlı fikir ayrılıqları var.

Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc bazar ertəsi Trend ə bildirib ki, bu qanunun hazırkı dönəmdə qəbulunu mümkün saymayan mütəxəssislər hesab edir ki, hərbi qulluqçuların inzibati qaydada həbsinin hərbi hissə komandanlığından alınıb hərbi məhkəmələrə verilməsi ciddi problemlər yaradacaq: "Bu fikirlərin sahibləri hesab edir ki, döyüş bölgələrində xidmətdə olan hərbçilərin inzibati həbslə bağlı məhkəmələrə gəlməsi, hərbi hissəni tərk etməsi praktiki cəhətdən mümkün deyil. Belə olarsa, hərbi hissədə nəzarətsizlik yarana bilər, əlavə vaxt itgisi olacaq. Bu məsələdə döyüş bölgəsində olan hərbi hissələrlə digər ərazilərdəki hərbi hissələrin fərqləndirilməsini də təklif edirlər".

Millət vəkili qeyd edib ki, hazırda bu qanun layihəsi üzərində iş aparılır və layihə MM-in payız sessiyasında müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, hərbi qulluqçuların hərbi hissə rəhbərliyi tərəfindən həbsi zamanı müəyyən subyektivliyə, qərəzli yanaşmaya yol verilir ki, bu da son nəticədə insan hüquqlarının pozulmasına səbəb olur.

Oruc hərbçilərin inzibati həbsinin məhkəmələrin səlahiyyətlərinə verilməsinin tərəfdarıdır. O hesab edir ki, bu qəbildən olan məsələlərin daxili nizamnamələrlə deyil, xüsusi qanunla tənzimlənməsi vacibdir.

Hərbi ekspert, ehtiyatda olan polkovnk-leytnant Üzeyir Cəfərov qanunun qəbulu ilə hərbi sahədə hansısa problemlərin yaranacağını iddia edənlərlə razılaşmır.

Ekspertin sözlərinə görə, qanunun işləməsi üçün xüsusi mexanizm yaradılmalı, hərbi hissələrlə məhkəmələr arasında normal münasibətlər formalaşdırılmalıdır.

Bir qrup fikir sahinblərinin yarana biləcək problemləri ölkənin müharibə şəraitində olması ilə əlaqələndirməsinə gəlincə isə, Cəfərov qeyd edib ki, müharibə şəraitində olan ölkələrdə hərbi qulluqçular məhkəmələr tərəfindən inzibati qaydada həbs olunur və bu sistem həmin dövlətlərin hərbi təhlükəsizliyi ilə bağlı heç bir problem yaratmır.

Ekspertin sözlərinə görə, hərbçilərin inzibati həbsi məhkəmə müstəvisində həll olunarsa, çoxsaylı qanun pozuntularının qarşısı alınacaq: "Bir sıra hallarda hərbi hissə komandirləri öz əhval-ruhiyyəsinə uyğun qərarlar çıxarırlar".

Azərbaycan 2001-ci ildə Əsas İnsan Haqları və Azadlıqları haqqında Avropa Konvensiyasını ratifikasiya edərkən bu məsələ ilə bağlı maddəni qeyd-şərt qəbul edib. Müəyyən müddətdən sonra bu məsələnin Avropa Konvensiyasına uyğun həll olunacağı ilə bağlı öhdəlik götürüb.

Silahlı Qüvvələrin Daxili Nizamnaməsinə görə, hərbi qulluqçular hərbi hissə komandirləri tərəfindən inzibati qaydada cəzalandırılırlar.

Xəbər lenti

Xəbər lenti