...

Azərbaycanda iki əsas partiya olmalıdır – "sağçı" iqtidar və "solçu" müxalifət

Siyasət Materials 8 Oktyabr 2007 16:19 (UTC +04:00)
Azərbaycanda iki əsas partiya olmalıdır – "sağçı" iqtidar və "solçu" müxalifət

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda iki əsas partiya olmalıdır - "sağçı" iqtidar və "solçu" müxalifət. Bu fikirləri bazar ertəsi Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Onun fikrincə, Amerikada olduğu kimi, Azərbaycanda iki aparıcı partiya fəaliyyət göstərməlidir. Amma o, hesab edir ki, Azərbaycanda da "respublikaçılar" və "demokratlar" deyil, "sağlar" və "solçular" rəqib olmalıdır. Sağ təmayüllü partiya hazırkı iqtidar partiyası ola bilər, müxalifət qismində isə, yalnız solçu partiya olmalıdır.

Əlizadə bildirib ki, sol təmüyüllü ideologiya hazırda Avropada aparıcı qüvvədir, Azərbaycanda isə, aparıcı olub-olmamağı yalnız azad, demokratik seçki müəyyənləşdirə bilər. Əlizadənin fikrincə, Azərbaycanda sol düşərgənin dayaqlarının zəif olması doğru deyil: "Mən hesab edirəm ki, nə qədər indiki iqtidar var, Azərbaycanda solçuluğun dayaqları möhkəm olacaq. Çünki solçuluğa təlabat getdikcə artır"-deyə Əlizadə bildirib.

Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra insanlar sosialistləri "kommunistlər"lə eyniləşdirdikləri üçün, solçulara münasibət birmənalı olmayıb. Buna görə də Azərbaycanda çoxlu sayda sosialist təşkilatlar yoxdur. Amma Əlizadə hesab edir ki, hazırda bütün sağ təmayüllü siyasi partiyaların proqramları solçuluq ideologiyasına əsaslanır.

O, eyni zamanda bildirib ki, sosializmin dayaqlarını gücləndirmək üçün yeni solçu qurumların yaranmasına ehtiyac yoxdur: "Çünki Azərbaycanda güclü partiya yoxdur. Heç hakim Yeni Azərbaycan Partiyası da güclü deyil. Təşkilatların sayının çoxaldılması isə, qüvvələrin parçalanmasına gətirib çıxarır" ,-deyə ASDP rəhbəri bildirib.

Buna görə də, ASDR rəhbəri əksinə, partiyaların birləşməsini zəruri sayır. Onun fikrincə, Azərbaycanda ayrı-ayrıldıqda heç bir partiya güclü olmadığı üçün, ideoloji cəhətdən yaxın olan partiyaların birləşməsi prosesi getməlidir. Əlizadə, eyni zamanda, hesab edir ki, Azərbaycanda siyasi partiyaların birləşməsi çox çətindir, hətta mümkün deyil: "Çünki bizdə partiyalar liderlərin iddiası əsasında yaranıb, ieologiya deyil, liderlər ətrafında formalaşıb. Liderlərin birləşməsi isə, mümkün deyil"-deyə Əlizadə bildirib.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın digər həmsədri, Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, Ayaz Mütəllibov ilk prezident seçilib. Sonra barəsində cinayət işi açılıb və 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti