...

Kommunist Partiyasının rəqib qanadları rayon-şəhər təşkilatları uğrunda mübarizə aparır

Siyasət Materials 12 Oktyabr 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının (AKP) bazar günü keçiriləcək qurultayını keçmiş sədr müavini Rauf Qurbanovun tərəfdarları qeyri-legitim sayacaqlar. Bu barədə cümə günü Trend ə Qurbanov açıqlama verib.

AKP-nin sədri Ramiz Əhmədov vəfat etdikdən sonra partiya 2 yerə - sədr müavinləri Rüstəm Şahsuvarov və Qurbanovun tərəfdarlarına bölünüb. Partiyanın sentyabrın 22-də keçirilən Plenumunda Qurbanov sədr müavini vəzifəsindən azad edilib. Qurbanovun tərəfdarları isə Plenumu tərk edərək Mərkəzi Komitənin buraxılmasına qərar verib və qurultayın çağırılması üzrə özləri Təşkilat Komitəsi yaradıblar.

Şahsuvarovun tərəfdarları oktyabrın 14-də qurultay keçirəcəklər. Onların sədrliyə namizədi Şahsuvarovdur. Digər tərəfin nümayəndələri isə öz qurultaylarında Qurbanovu sədr seçmək niyyətindədirlər.

Qurbanov bildirib ki, partiyanın bütün rayon-şəhər komitələrinə müraciət edərək Şahsuvarovun tərəfdarlarına qarşı birgə mübarizə aparmağa çağırıb.

Qurbanovun sözlərinə görə, hazırda AKP-nin Azərbaycan üzrə 48 rayon-şəhər təşkilatından 36-sı onun rəhbərlik etdiyi Təşkilat Komitəsinin tərkibində fəaliyyət göstərir: "Belə olan halda azlığın ümumi partiya adından qurultay keçirməsinin heç bir hüquqi əsası yoxdur və qurultay legitim hesab oluna bilməz" - deyə Qurbanov bildirib.

Qurbanov həmçinin digər müxalifət partiyalarını AKP-nin daxili işlərinə müdaxilə etməkdə günahlandırır.

Şahsuvarov isə bildirir ki, rayon təşkilatlarının sədrləri onların qurultayında iştirak edəcək. Onun sözlərinə görə, qurultayda 200 nəfər yaxın iştirakçı olacaq və toplantı AKP-nin qərargahında keçiriləcək.

AKP solçu partiyadır və özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti