...

Müsavat Partiyası İsa Qəmbərin prezidentliyə namizəd olmasına qərar verdi

Siyasət Materials 12 Oktyabr 2007 16:54 (UTC +04:00)
Müsavat Partiyası İsa Qəmbərin prezidentliyə namizəd olmasına qərar verdi

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası Məclisinin cümə günü keçirilən iclasında partiya başqanı İsa Qəmbərin gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd olması barədə qərar çıxarıldı. Bu barədə Trend ə partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Məclisdə Müsavat Partiyasının prezident seçkisində iştirak etməsi barədə yekdilliklə qərar çıxarılıb. Partiyanın namizədinin Qəmbərin olmasına dair qərar verilib və alternativ namizəd irəli sürülməyib.

Qəmbər çıxışında bildirib ki, partiyanın seçkidə iştirakı barədə Məclisin qərarını dəstəkləyir və bunu düzgün addım hesab edir. Qəmbər namizədliklə bağlı ona göstərilən etimadı doğrultmağa çalışacağını deyib.

Partiya funksionerləri gələn il seçkidə bütün gücləri Qəmbərin ətrafında toplamağın zəruriliyini bildiriblər.

Məclisin iclasında həmçinin partiya gənclər təşkilatına üzvlük üçün yaşın 35-dən 29-a endirilməsi qərara alınıb.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti