Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Demokratik Gənclərin Ümumdünya Federasiyası ilə Azərbaycan Kommunist Partiyası arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə çərşənbə axşamı Trend ə AKP sədri Rüstəm Şahsuvarov məlumat verib.
Bakıda səfərdə olan Demokratik Gənclərin Ümumdünya Federasiyasının prezidenti Migel Madeyra çərşənbə axşamı AKP-nin qərargahında partiya rəhbərliyi və gəncləri ilə görüş keçirib. Görüşdə əməkdaşlığa dair razılaşma əldə olunub.
Şahsuvarovun sözlərinə görə, əməkdaşlıq çərçivəsində AKP ilə Federasiya birgə tədbirlər, aksiyalar keçirəcək. "İlkin olaraq, Macarıstan, Çexiya və Fələstində sosialist gənclərin sıxışdırılmasına etiraz olaraq,tədbirlər təşkil edəcəyik. Bu məqsədlə Bakıda konfrans və simpoziumlar keçiriləcək"-deyə Şahsuvarov bildirib.
Onun sözlərinə görə, hələ ki Azərbaycanda sosialist gənclərin sıxışdırılması problemi yoxdur.
Demokratik Gənclərin Ümumdünya Federasiyası 1945-ci ildə yaradılıb, mərkəzi qərərgahı Budapeştdə yerləşir. Təşkilatın dünyanın 150 ölkəsində üzvləri fəaliyyət göstərir. Federasiya, mütəmadi olaraq, dünya gəncləri və tələbələrinin festivallarını keçirir. Qurum dünyada sosialist, antikolonist, antiimperialist ideologiyanı dəstəkləyir. Madeyra Portuqaliyanın Kommunist Partiyasının üzvüdür.
Azərbaycan Kommunist Partiyası da bu il həmin quruma üzv olub.