...

Britaniya hökuməti Dağlıq Qarabağa turlar təşkil edən Britaniya şirkəti ilə bağlı tədbirlər görəcək

Siyasət Materials 13 Dekabr 2007 12:19 (UTC +04:00)
Britaniya hökuməti Dağlıq Qarabağa turlar təşkil edən Britaniya şirkəti ilə bağlı tədbirlər görəcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Böyük Britaniya hökuməti Dağlıq Qarabağa səfər etməmələrinə dair tövsiyələrə zidd olaraq işğal olunmuş ərazilərə turlar təşkil edən Britaniyanın Sunvil Discovery ltd turoperatoru ilə əlaqədar tədbirlər görəcək.

Bakı Britaniya şirkətinin fəaliyyəti ilə bağlı öz narazılığını Londona bildirdikdən sonra Böyük Britaniyanın Avropa işləri üzrə naziri Cim Mörfi Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovla görüşü zamanı hökumətin bu niyyətini ifadə edib. Bu barədə cümə axşamı Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

London turoperatorunun saytında bildirilir ki, operator Britaniya turistlərinə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa 10 günlük səyahət proqramı təklif edir. Səyahət qiyməti uçuş, pansion, bilet və kiçik xərclər daxil olmaqla 1 627 funt sterlinqdir. Sunvil Discovery həmçinin bu marşrut üzrə fərdi səyahətlər də təşkil edir.

"Böyük Britaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və öz vətəndaşlarına "həll olunmamış münaqişə" və "atışma" səbəblərindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməkdən imtina etmələrini tövsiyə edir" - deyə görüş zamanı britaniyalı nazir bildirib.

"Bu günə qədər bizim Dağlıq Qarabağ münaqişəsi barədə məlumatımız olmayıb" - deyə əvvəllər Londonda Trend ə turagentliyin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sara Belçer bildirib.

Sunvil Discovery-nin üzvü olduğu Britaniya Turist Agentlikləri Assosiasiyasından bildiriblər ki, şirkət müştərilərinə hara gedəcəklərinə dair məlumat verməlidir, lakin Assosiasiya onları bu proqramdan imtina etməyə məcbur edə bilməz.

"Biz bu işə qarışa bilmərik. Bu, turoperator və onun müştərilərinin şəxsi seçimidir" - deyə Assosiasiyadan bildiriblər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır..

Xəbər lenti

Xəbər lenti