...

Azərbaycanın müxalifət partiyası seçkilərdə iştirak qərarını dəyişməyəcək

Siyasət Materials 25 Yanvar 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın əsas müxalifət partiyalarından olan Müsavat Partiyası bu il keçiriləcək prezident seçkisində iştirak etmək haqqında qərarını dəyişməyəcək. "Müsavat Partiyası prezident seçkisində iştirak edəcək" -deyə cümə günü Trend ə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Müsavat Partiyasının Məclisi 2007-ci ilin oktyabrın 12-də prezident seçkisində iştirak etmək haqqında rəsmi qərar qəbul edib. Lakin son zamanlar Müsavatın bir neçə funksioneri partiyanın prezident seçkisini boykot etməsinin mümkün olduğuna və bu ehtimalın getdikcə artdığına dair açıqlamalar verirlər. Prezident seçkisində iştirak etmək haqqında qərar verməkdə tərəddüd edən müxalif siyasi təşkilatlar da hesab edirlər ki, Müsavat Partiyası sonda seçkini boykot edəcək.

"Müsavat Məclisinin prezident seçkisində iştirak etmək haqqında qərarı 100 faiz qüvvədədir. Partiyanın prinsipal qərarı prezident seçkisində iştirak etmək qərarıdır. Başqa heç bir qərar yoxdur" - deyə Qəmbər əlavə edib.

Başqan bildirib ki, Müsavat Partiyası prezident seçkisinə hazırlığı davam etdirir.

Azərbaycanda prezident seçkisi 2008-ci ilin oktyabrın 15-də keçiriləcək.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya Azərbaycan Parlamentində dörd nəfər deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti