...

Müxalifətin prezident seçkisində vahid komanda ilə iştirakı təklif olunur

Siyasət Materials 28 Yanvar 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir S.İlhamqızı/ Müxalifət düşərgəsi builki prezident seçkisində qalib gəlmək istəyirsə, müxalifət liderləri bir-birinə güzəştə getməlidir. Bu fikirləri bazar ertəsi Trend ə açıqlamasında müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. KXCP-nin bu seçkidə iştirak etmək barədə qərarı var. Müxalifət düşərgəsindən Müsavat, Ümid, Böyük Quruluş partiyaları da seçkidə öz namizədi ilə iştirak edəcəyini açıqlayıb.

Məmmədli bildirib ki, KXCP sədri də daxil olmaqla, bütün müxalifət liderləri bir mərkəzdə birləşməli, seçkidə vahid platforma ilə, vahid komanda şəklində iştirak etməlidir.

"Müxalifət liderləri öz məsuliyyətlərini unudublar. Onlar başa duşməlidirlər ki, indiyədək ictimaiyyətin müqavimətini təşkil edə bilməyiblər, düzgün siyasi texnologiyalar seçməyiblər. Ona görə də bu seçkidə mütləq bir-birilərinə güzəştə gedib daha az namizədlə iştirak etməlidir"-deyə Məmmədli bildirib.

Onun fikrincə, əgər ölkədə tam demokratik mühit, bütün namizədlər üçün bərabər şərait yaradılsa, müxalifətin vahid namizədlə iştirakına ehtiyac olmaz. Lakin indiki şəaritdə, qeyri-bərabər mübarizə şəraitinin mövcud olduğu mühitdə müxalifət düşərgəsi daha az namizədlə iştirak etməyə məcburdur.

Beş müxalifət partiyasının təmsil olunduğu məşvərət qurumunda isə hesab edirlər ki, müxalifətin seçkidə vahid namizədlə iştirakı mümkün deyil və buna ehtiyac da yoxdur. "Müxalifətin seçkidə bir neçə namizədlə iştirak etməsi ziyanlı deyil. Əksinə, nə qədər çox namizədlə iştirak etsə, o qədər yaxşıdır. Çünki bizim məqsədimiz seçkinin ikinci turunun baş tutmasına nail olmaqdır"-deyə məşvərət qurumunda təmsil olunan müxalifətçi Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu Trend ə açıqlamasında bildirib. Onun fikrincə, prezident seçkisində müxalifət bir neçə namizədlə iştirak etdiyi halda da müxalifətin əməkdaşlığını, birliyini təmin etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti