...

Azərbaycanın müxalifət partiyaları arasında danışıqlar başlanıb

Siyasət Materials 21 Fevral 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) prezident seçkilərində iştirak edəcək namizədinin dəstəklənməsi üçün digər partiyalarla danışıqlara başlayıb. Bu barədə cümə axşamı Trend ə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

Azərbaycanda prezident seçkiləri oktyabrda keçiriləcək. ADP Ali Şurası fevralın 16-da Cəlaloğlunun prezidentliyə namizədliyini irəli sürüb.

Cəlaloğlu vurğulayıb ki, bu gün o, Yaşıllar Partiyasının nümayəndələri ilə görüşərək seçkidə birgə iştirak məsələsini müzakirə edib. "Cəmiyyətdə elə qüvvələr var ki, ADP-nin ideyalarını dəstəkləyir. Hakimiyyətlə koalisiya yaratmaq kimi ideyalarımız cəmiyyətin diqqətini cəlb edib" Cəlaloğlu əlavə edib. Cəlaloğlu Yaşıllar Partiyası ilə seçkidə birgə iştirakla bağlı danışıqların davam edəcəyini də vurğulayıb

Yaşıllar Partiyası 2006-ci ildə yaradılıb. Partiyanın sədri Mais Güləliyevdir.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti