...

Azərbaycanda həbs cəza tədbiri kimi qəbul edilir - ekspert

Siyasət Materials 25 Fevral 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatları bir qayda olaraq məhkəmələr tərəfindən təmin olunur. Vətəndaşlar və vəkillər məhkəmələrin həbs qətimkan tədbiri seçərkən hakimlərin qərarlarını əsaslandırmamalarından şikayətlənirlər.

Birinci instansiya məhkəmələrinin həbslə bağlı qərarlarından Apellyasiya Məhkəməsinə verilən şikayətlər də bir qayda olaraq təmin olunmur.

Ötən il ərzində neçə qətimkan tədbirinin seçilməsi və bu sırada həbs qətimkan tədbirinin çəkisi barədə statistik məlumat almaq barədə sorğumuza cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib ki, qətimkan tədbirlərinin statistikası aparılmır. Ədliyyə Nazirliyindən də qurumda bu barədə statistik məlumatları olmadığı bildirildi.

Bakı Apellyasiya Məhkəməsindən sorğumuza cavab olaraq bildirilib ki, ötən il məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı 131 qərardan şikayət daxil olub.

Onlardan 117-si vəkillərin verdiyi apellyasiya şikayəti, 4-ü isə apellyasiya protesti olub.

10 iş birinci instansiya məhkəmələrinin yol verdiyi səhvlərin aradan qaldırılması üçün baxılmadan geri qaytarılıb. Apellyasiya şikayətlərindən yalnız 15-i üzrə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar ləğv olunub və şəxs barəsində digər qətimkan tədbiri seçilib.

Əliyev bildirib ki, Azəraycanın cinayət-prosessual qanunvericiliyi qətimkan tədbirlərinin ev dustaqlığı, girov, başqa yerə getməmək haqqında iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma kimi növlərini müəyyən edib.

Əliyev deyib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, sanksiyası 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan cinayətdə ittiham olunan şəxsə cinayət prosesini həyata keçirən orqandan gizlənmək, sübutları gizlətmək və saxtalaşdırmaq, cinayət prosesinin iştirakçılarına qanunsuz təsir göstərmək, yenidən cinayət törətmək, cəmiyyət üçün təhlükə yaratmaq əsasları olarsa, həbs qətimkan tədbiri seçilə bilər. İstintaq orqanı və ya məhkəmə şəxsə həbs seçərkən onun törətdiyi əməlin ağırlığını, xarakterini, törədilmə şəraitini, şəxsin şəxsiyyətini, yaşını, səhhətini, ailə, maddi və sosial vəziyyətini, himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını, əvvəllər cinyət törətməsini və digər əhəmiyyətli halları nəzərə almalıdır.

Həbs qətimkan tədbiri prokurorluğun təqdimatı əsasında məhkəmələr tərəfindən müəyyən edilir.

Yeni Cinayət Məcəlləsi qəbul edilənədək həbs barədə sanksiya vermək səlahiyyəti prokuroluq orqanlarında idi.

Əliyev deyib ki, qanunvericilikdə girov qətimkan tədbiri olsa da, bu tədbir praktikada tətbiq olunmur.

Girovun məbləği qanunvericilikdə minimum əmək haqqının 5 min mislindən 10 min mislinədək həddə müəyyən edilib. (Minimum əmək haqqının məbləği 60 manatdır).

Hüquqşünas-ekspert İntiqam Əliyev bildirib ki, Azərbaycanda həbs cəza tədbiri kimi qəbul edilir. "Əslində, həbs şəxsin müəyyən müddətə cəmiyyətdən təcrid olunmasıdır" - deyə İ.Əliyev vurğulayıb.

Ekspert hesab edir ki, həbs qətimkan tədbirlərinin statistikası, analizi aparılmalı, bu vəziyyəti yaradan səbəblər aradan qaldırılmalıdır. Onun fikrincə, əgər belə davam edərsə, əsassız həbs qərarlarının çıxarılması Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən külli məbləğdə cərimələnməsi ilə nəticələnə bilər.

Vəkil Rəşid Hacılının sözlərinə görə, Avropa Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı president hüququnun yerli məhkəmələr tərəfindən tətbiq edilməməsi bu sahədə müəyyən problemlər yaradır. Vəkilin sözlərinə görə, ya məhkəmələr bu barədə Avropa Məhkəməsinin təcrübəsindən xəbərsiz olur, ya da prokurorluq obyektiv qərarın qəbul olunmaması üçün məhkəməyə təzyiq göstərir.

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə Azərbaycanda həbs qətimkan tədbirinin seçilmə faizinin yüksək olmasından narahatdır. O hesab edir ki, məhkəmələr lazım olmayan hallarda əsassız həbs qərarları qəbul edirlər. "Bu səlahiyyət hakimlərə veriləndən sonra həbslə bağlı qərarların sayı azalmalı idi. Amma təəssüflər olsun ki, bu göstərici dəyişməyib" - deyə Ağazadə vurğulayıb.

Ali Məhkəmənin hakimi deyir ki, məhkəmələr həbslə bağlı qərarlar çıxararkən qərarlarını əsaslandırmırlar. "Həbsin seçilməsi istintaqın işini asanlaşdırır. Digər qətimkan tədbiri seçiləndə istintaq hərəkətlərinin aparılmasında müəyyən problemlər yaranır. Lakin bu da həbsin seçilməsi üçün əsas ola bilməz. Həbsdə olan şəxslər qorxu içərisində olur, onlardan istənilən ifadəni almaq mümkündür və təcrübədə bəzən belə faktlar olur" - deyə Ağazadə bildirib.

Cinayətin ağırlığının həbsin seçilməsinə əsas olmadığını vurğulayan hakim bildirib ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkli Cinayətkarlıqla Mübarizə İdarəsinin təqdimatları ilə məhkəməyə göndərilən işlərdə bir qayda olaraq həbs seçilir.

Ağazadə girovun məbləğinin qanunvericilikdə yüksək həddə müəyyən olunduğunu deyir. Onun sözlərinə görə, hansısa cinayətdə təqsirləndirilən, şübhələnən şəxs həmin məbləği ödəməkdənsə, həbsdə qalmağı üstün tutur. Ağazadə girov məbləğinin azaldılmasının tərəfdarıdır.

Ali Məhkəmənin hakimi Vəfaiddin İbayev bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd olunub ki, şəxsin cinayəti törətməsinə əsaslı şübhə onun həbsə alınması üçün zəruri şərtdir. Bununla belə, bu cür şübhə şəxsin həbsdə saxlanılmasının davam etdirilməsi üçün yetərli deyildir. Şəxsin həbsdə saxlanılmasına bəraət qazandırılması üçün əsaslı şübhə ilə yanaşı, digər əsaslar da mövcud olmalıdır: "Bu cür əsaslara şəxsin azadlıqda qalarsa, ibtidai araşdırma və məhkəmə orqanlarından qaçıb gizlənə biləcəyi, sübutları məhv edə biləcəyi və ya onların əldə edilməsinə maneçilik törədə biləcəyi, yeni cinayət törədəcəyi kimi əsasları aid etmək olar. Bununla belə, həmin əsaslar real olmalı, yəni mötəbər məlumatlarla təsdiq olunmalıdır. Həbs qətimkan tədbiri müddətinin uzadılması zamanı məhkəmələr bunun üçün mövcud olan əsasları və onları təsdiq edən sübutları qərarlarında göstərməlidirlər".

Lukanov Bolqariyaya qarşı işlə bağlı qərarında Avropa Məhkəməsi göstərib ki, azadlığın hər hansı məhdudlaşdırılması üçün əsas kimi çıxış edən hüquq pozuntusu faktiki olaraq dövlətin daxili qanunvericiliyi ilə hökmən nəzərdə tutulmalıdır. Avropa Məhkəməsi müəyyən edilmiş vaxtdan artıq müddətə azadlıqdan məhrum etməni azadlıq hüququnun pozulması kimi qiymətləndirib.

İbayev deyib ki, şəxsi azadlıqdan məhrum etmək üçün onun hüquq pozuntusu törətməsinə əsaslı şübhə olmalıdır. Yalnız belə hallarda azadlıqdan məhrum etmə kifayət qədər əsaslandırılmış və qanuni hesab olunur. Hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət arasında əlaqəni fakt və məlumatlara əsaslandırmış olduqda əsaslı hesab oluna bilər. "Azadlıqdan məhrum edilmə hisslərə, instinktlərə əsaslanmamalıdır" - deyə Ali Məhkəmənin hakimi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti