...

Azərbaycan parlamentinin komissiyası Kosovodakı sülhməramlıların geri çağırılmasına razılıq verib

Siyasət Materials 28 Fevral 2008 16:31 (UTC +04:00)
Azərbaycan parlamentinin komissiyası Kosovodakı sülhməramlıların geri çağırılmasına razılıq verib

Azərbaycan, Bakı, 28 fevral/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası Kosovonun, birtərəfli şəkildə Serbiyadan ayrılaraq, müstəqilliyini elan etməsindən sonra yaranmış vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən azərbaycanlı sülhməramlıların geri çağırılmasına razılıq verib. Trend un məlumatına görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının cümə axşamı keçirilən iclasında prezident İlham Əliyevin Kosovoda xidmət edən Azərbaycan sülhməramlılarının geri çağırılması üçün qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi müraciət müzakirə olunub.

Prezidentin parlamentə göndərdiyi sənəddə qeyd olunub ki, Serbiya ərazisində yeni siyasi vəziyyət yaranıb və Azərbaycan sülhməramlılarının Kosovoda xidmətlərini davam etdirməsi məsələsinə yenidən baxılmalıdır.

"Azərbaycan Kosovonun birtərəfli şəkildə öz müstəqilliyini elan etməsini beynəlxalq hüquq normalarına zidd və qanunsuz hesab edir. Azərbaycan Kosovonun müstəqilliyini tanımaq niyyətində deyil. Ona görə də Azərbaycan sülhməramlıları orada qala bilməz", -deyə birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə, sühməramlı tabor yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi var. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçirirlər. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərir.

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə, 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabul şəhərində post - patrul xidmətini həyata keçirir.

1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeçiliyindədir. Fevralın 17-də Kosovo Serbiyadan ayrılaraq, müstəqilliyini elan edib. Rəsmi Belqrad vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Artıq bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyini dəstəkləyir və Kosovonun müstəqiliyini tanımaq niyyətində deyillər. Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edib.

Qanunvericiliyə əsasən, Azərbaycan sülhməralılarının xaricə göndərilməsi, sayının müəyyənləşdirilməsi və geri çağırılması haqda qərarı parlament təsdiqləməlidir.

Komissiya sülhməramlıların Kosovodan çıxarılması təşəbbüsünü dəstəkləyib.

Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması məsələsi Milli Məclisin martın dördündə keçiriləcək iclasında müzakirə olunacaq və qərar qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti