...

Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı yeni kitabı çapdan çıxmışdır

Siyasət Materials 14 Mart 2008 03:23 (UTC +04:00)
Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı yeni kitabı çapdan çıxmışdır

Azərbaycan, Bakı. 14 mart / Trend / Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı yeni kitabı çapdan çıxmışdır. Kitaba epiqraf kimi liberalizmin ideoloqu Con Stüart Millin (1806-1877-ci illər) aşağıdakı sözləri verilmişdir: "Dövlətin ləyaqəti nəticə etibarilə onu yaradan şəxsiyyətlərin ləyaqətindən asılıdır".

Kitabın ilk səhifəsində ABŞ-ın Respublikaçılar Partiyasının təsisçilərindən biri, siyasətçi və dövlət xadimi, Prezident Avraam Linkolnun (1805-1865-ci illər) dediyi və sonralar demokratiyanın klassik tərifi hesab edilən sözləri sitat gətirilir: "... Allahın köməyi ilə bu millət azadlığın yeni doğuluşunun başlanğıcını qoyacaq və xalq idarəetməsi, xalqın vasitəsilə, xalq üçün idarəetmə heç vaxt yer üzündən yox olmayacaqdır".

Qloballaşmaqda olan dünyamızda öz inkişaf yolu ilə irəliləyən Azərbaycan üçün bu prinsiplər xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Elmi-nəzəri əsər olan "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" də məhz bu yolda qazanılmış uğurların tədqiqinə həsr olunmuşdur.

Kitabda Azərbaycan şəraitində iqtisadiyyatdan demokratiyaya, sabitlikdən modernləşməyə keçidin xüsusiyyətləri təhlil edilir, Azərbaycan Prezidenti İlham Əliyevin güclü dövlət, modernləşmiş iqtisadiyyat və azad vətəndaş cəmiyyəti qurmaq üçün qarşıdakı dövrdə fəaliyyətinin ümumi məzmunu nəzərdən keçirilir.

"Yeni siyasət" bölməsində tamamilə qanuni səslənən "bütövlükdə tarix hansı istiqamətdə hərəkət edir?" sualına cavab verilir. Kitabda göstərilir ki, Azərbaycanın müstəqillik əldə etməsi ölkə qarşısında diktaturadan demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına, iki əsrlik işğalçılıq tarixi olan imperiyanın bir hissəsindən milli dövlətə çevrilmək vəzifəsini qoymuşdur.

"Yeni paradiqmanı qurarkən: iqtisadiyyatdan demokratiyaya doğru" bölməsi siyasi müstəvidən mütərəqqi iqtisadi strukturun intensiv formalaşması məkanına" milli transformasiyanın yeni mərhələsinə həsr edilmişdir. "Demokratik sistemi təkmilləşdirərkən: sabitlikdən modernləşməyə doğru" bölməsində hazırda Azərbaycanın qarşısında duran əsas məsələdən - keyfiyyətcə yeni sosial siyasət olan sosial modernləşmə siyasətinə fəal keçid məsələlərindən bəhs olunur. Kitabın sonuncu bölməsi "Oktyabr - 2008: güclü dövlət, modernləşmiş iqtisadiyyat və azad vətəndaş" adlanır. Burada vurğulanır ki, 2008-ci il siyasi qərarlar qəbul ediləcək mühüm dövrdür və siyasi prosesin aktorlarının hər biri onun süjet dönüşlərindən zövq alacaqdır. 2003-cü ilin prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin qarşısında duran başlıca vəzifələri və onun seçkiqabağı verdiyi vədlərə layiqincə əməl etdiyini yığcam şəkildə xatırladan akademik R.Mehdiyev vurğulayır ki, indi Azərbaycan özünün yetkinlik imtahanının yeni mərhələsinə yaxınlaşır. Daha sonra Prezident İlham Əliyevin növbəti beş il üçün gündəliyinin artıq indidən aydın olduğunu bildirən müəllif həmin gündəliyi yeddi əsas məsələ kimi qruplaşdıraraq, ən ümumi şəkildə öz proqnozlarını söyləyir. Müəllif fikirlərini belə tamamlayır: "Vaxtilə Heydər Əliyev əsas funksiyanı yerinə yetirmişdir - dövlətçiliyi yaratmış və möhkəmləndirmişdir. İlham Əliyev öz prezidentliyinin birinci müddətində ölkənin geoiqtisadi amilini irəlilətmək üçün əsas işi görmüşdür. Əminliklə demək olar ki, gələcəkdə o, ölkənin total hərtərəfli modernləşdirilməsinə yönəlmiş tədbirlər kompleksini tam şəkildə həyata keçirəcəkdir".

Kitab təkcə siyasətçilər, mütəxəssislər, tələbələr üçün deyil, ümumiyyətlə kütləvi oxucular üçün nəzərdə tutulmuşdur. Onu da əlavə edək ki, nəfis poliqrafik tərtibatda nəşr edilmiş kitabda materiallar üç dildə verilmişdir.

Xəbər lenti

Xəbər lenti