...

Avropa Şurası Ermənistanda insan haqlarının pozulmasına göz yumur - AŞPA - nın vitse prezidenti

Siyasət Materials 30 Mart 2008 12:35 (UTC +04:00)
Avropa Şurası Ermənistanda insan haqlarının pozulmasına göz yumur - AŞPA - nın vitse prezidenti

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.İlhamqızı/ Avropa Şurası Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına münasibət göstərmir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bazar günü jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, AŞ Rusiya, Azərbaycan və Gürcüstanda keçirilən prezident seçkilərindən sonra müxalifət liderlərini, QHT nümayəndələrini dəvət edir, onlarla görüşlər keçirir. Lakin Ermənistanda son prezident seçkilərindən sonra müxalifət liderləri AŞ-yə dəvət olunmadı.

"Təəssüf ki, Ermənistanda seçki hüququnun, söz azadlığının ən kobud şəkildə pozulması, nümayişə çıxan insanların həbs olunması AŞ tərəfindən olduğu şəkildə qəbul olunmur. Halbuki Azərbaycanda söz azadlığı ilə bağlı problemlərin olduğunu deyən AŞ Ermənistanda mətbuatın, hətta internetin qapadılmasını görmür. Bu, AŞ-nin Azərbaycana münasibətdə siyasiləşmiş mövqeyini göstərir" - deyə Seyidov bildirib.

Seyidovun sözlərinə görə, AŞ Azərbaycanın dünyaya açıq olan siyasətini tənqid edir, lakin Ermənistanda baş verən ağlasığmaz hüquq və qanun pozuntularını ört-basdır edir.

Seyidov qeyd edib ki, Azərbaycan həmişə beynəlxalq təşkilatların belə ikili standartlarına qarşı çıxış edib və AŞPA-nın aprel sessiyasında nümayəndə heyəti bu barədə məsələ qaldıracaq.

Xəbər lenti

Xəbər lenti