...

Azərbaycanın müxalifət partiyası mitinq üçün daha iki yer təklif edib

Siyasət Materials 5 May 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Müsavat Partiyasının bu gün keçirilən Divanının toplantısında mayın 18-də kütləvi etiraz aksiyasının keçirilməsi barədə qərar verilib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının bazar ertəsi Trend a verdiyi məlumata görə, sabah bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək. Müraciətdə meriyadan aksiyanın keçirilməsi üçün, əvvəlki 3 yer saxlanılmaqla, əlavə olaraq iki meydan istənilib. Bunlar Füzuli Meydanı və Təbriz (keçmiş Sevinc) kinotetrının qarşısıdır.

Mayın 1-də Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mayın 4-də keçirmək istədiyi aksiyaya icazə verib. İcra hakimiyyəti kütləvi aksiyanın keçirilməsi üçün partiyanın istədiyi yerləri (Ukrayna meydanını, keçmiş "Qələbə" kinoteatrının qarşısını və ya metronun "Nərimanov" stansiyası yaxınlığındakı ərazilərdən birini) yox, Bibiheybət qəsəbəsini göstərib. Bundan sonra partiya aksiyanı təxirə salıb və meriyanı məhkəməyə verəcəyini bəyan edib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hacılı onu da deyib ki, mayın 6-da partiya Bakı Şəhər İsra Hakimiyyətini məhkəməyə verəcək. Müsavatın iddia ərizəsi Səbayel rayon Məhkəməsinə təqdim olunacaq. Partiya meriyanı sərbəst toplaşmaq hüququnu pozmaqda ittiham edir.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti