Azərbaycan, Bakı, 07 may/ Trend , müxbir İ.Əlizadə/ Türkiyə parlamenti hesab edir ki, Özbəkistan və Türkmənistanın türkdilli ölkələrin parlament birliyinin yaradılmasına qoşulmaması Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının qarşısını ala bilməz. "Türkiyə tərəfi ümid edir ki, müəyyən müddət keçəndən sonra Özbəkistan və Türkmənistan da Türkdilli Ölkələrin Parlament Assambleyasına qoşulacaq" çərşənbə günü Bakıda Trend -a Türkiyə Böyük Millət Məclisinin (parlament) hakim Ədalət və İnkişaf Partiyasından olan üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Haluk İpək bildirib.
Dünyada altı müstəqil türkdilli ölkə var. Onlardan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması haqda saziş imzalayıblar. Assambleyanın yaradılması türkdilli ölkələrin parlament sədrlərinin iyulda Ankarada keçiriləcək toplantısında elan olunacaq. Türkmənistan və Özbəkistan yeni birliyin yaradılmasında iştirakdan imtina edib. Hər iki ölkə quruma qoşulmamasının səbəblərini açıqlamayıb.
İpəkin sözlərinə görə, Assambleyanın yaradılması ilə bağlı işlər davam etdirilir: "Türkiyə Assambleyanın yaradılmasına böyük əhəmiyyət verir".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]