Azərbaycan, Bakı, 14 may / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında təşkilati məsələlərə baxılacaq. "Qurultayda sədrliyə bir neçə namizədin olması istisna deyil" çərşənbə günü Trend -a AXCP-nin sədr müavini Fuad Mustafayev bildirib.
AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Blok oktyabrın 15-də keçiriləcək prezident seçkisini boykot etmək niyyətində olduğunu açıqlayıb.
Mustafayev hesab edir ki, Əli Kərimli yenidən AXCP sədri olmalıdır. Çünki o, gəncdir və partiyaya rəhbərliyi dövründə təşkilatın mövqeləri daha da güclənib.
Mustafayev əlavə edib ki, qurultayın prezident seçkilərinə start verilənə qədər keçirilməsi gözlənilir. "İndi rayon təşkilatlarında konfranslar keçirilir. Bu konfransların keçirilməsinə müəyyən çətinliklər yaradılır. Buna baxmayaraq qurultaya hazırlıq işlərini yaxın vaxtlarda yekunlaşdırıb, qurultay keçirmək niyyətindəyik", AXCP sədrinin müavini deyib.
AXCP-nin qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]