...

Azərbaycanın yerli QHT-ləri prezident seçkisində "exit-poll" keçirəcək

Siyasət Materials 1 İyul 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın yerli QHT-ləri prezident seçkisində "exit-poll" keçirəcək. "Biz bu seçkidə "exit-poll" keçirmək niyyətindəyik və bununla bağlı müəyyən işlər görülür", bunu çərşənbə axşamı Trend -a Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) sədr əvəzi Rauf Zeyni bildirib.

Trend -un arayışı: Azərbaycan parlamenti bu il iyunun 13-də keçirilən iclasında"QHT haqqında" Qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, yerli QHT-lərə seçkilər zamanı "exit-poll" keçirməyə icazə verilib.

Zeyni bildirib ki, MQF-də 479 QHT təmsil olunur. "Bu QHT-lərin kifayət qədər seçki təcrübəsi var və biz "exit-poll" keçirməyi planlaşdırırıq", - deyə o bildirib.

40-dan artıq QHT-ni özündə birləşdirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə Trend -a bildirib ki, "exit-poll" keçirmək məsələsi nəzərdən keçirilir. "Amma biz bu barədə yekun qərarımızı verməmişik", - deyən Zülfüqarlının sözlərinə görə, Azərbaycanda hər hansı bir QHT təkbaşına "exit-poll" keçirmək imkanında deyil. "Belə ki, "exit-poll"u ancaq ayrı-ayrı QHT koalisiyaları birgə keçirə bilərlər. Ölkədə 5 minə qədər məntəqə var. Bu qədər məntəqəni əhatə etmək üçün imkanlar olmalıdır", - deyə o əlavə edib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti