Azərbaycan, Bakı, 24 avqust / Trend müxbir C.Babayeva/ Müxalif Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) bazar günü keçirilən növbədənkənar IV qurultayında yeni sədr seçilib. Trend -un məlumatına əsasən, AMDP-nin sədrliyinə yeganə namizəd Böyük Məclis sədri Tufan Kərimli səs çoxluğu ilə partiyanın sədri seçilib.
AMDP-nin keçmiş sədri İsgəndər Həmidov qurultaya dəvət olunsa da, tədbirə qatılmayıb.
Partiyanın Şəki rayon təşkilatının nümayəndələri qurultayı qeyri-legitim hesab etdilkrinə görə qurultayı yarımçıq tərk edib.
Qurultayda çıxış edən yeni sədr Tufan Kərimli partiyanın bundan sonra radikal müxalifət olaraq fəaliyyətini daha da gücləndirəcəyini bildirib. "Partiyanın qarşısında dayanan əsas hədəflərdən biri AMDP-nin dövlət qeydiyyatına alınmasına nail olmaqdır", deyə Kərimli bildirib.
37 rayon təşkilatının üzvlərinin iştirak etdiyi qurultayda həmçinin AMDP-nin Sədrlər Şurası, Böyük Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyasına yeni üzvlər seçilib.
AMDP qurultayın sonunda Gürcüstandakı son hadisələr və Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həll olunmasına dair bəyanatlar və türk toplumuna müraciət qəbul edib.
Trend -un arayışı: AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək, "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiyanın keçmiş sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 1995-2004-cü illərdə həbsdə olub. 15 il azadlıqdan məhrum edilən Həmidov 2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.
Bu ilin aprelində İsgəndər Həmidov partiya sədrliyindən istefa verib. O, istefasını partiyada sədrliyə layiq şəxslərin olması və onlara yol açmaq istəməsi ilə izah edib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]