Gürcüstan, Tbilisi, 08 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın ədliyyə naziri Nika Qvaramiya Haaqadadır. O, ölkəsini Rusiyaya qarşı iddianın baxılmasında təmsil edəcək. Qvaramiyanın jurnalistlərə bidirdiyinə görə, Tbilisi vaxtı ilə saat 12:00-də başlamalı olan hazırki baxılmada Gürcüstan Moskvaya qarşı müvəqqəti tədbirlərin görülməsi iddiası ilə çıxış edəcək.
"Yaranmış vəziyyətdən çıxış edərək, biz münaqişə zonasında humanizm əleyhinə addımlar atan, özünü gürcülərin etnik təmizləməsində, onların hüququnun tapdalanmasında və öz doğma kəndlərindən qovulmasında göstərən Rusiyanın hərəkətlərinə qarşı Haaqa Məhkəməsinin qarşısında iddia qaldırmışıq", - nazir deyib.
"Bizim iddia üzrə cavab bir neçə gündən sonra məlum olacaq", - Qvaramiya qeyd edib.
Sentyabrın 8-dən 10-dək BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsində Rusiyanı Beynəlxalq Konvensiyanı pozmaqda günahlandıran Gürcüstanın iddiası ilə bağlı məsələyə baxılacaq. Gürcüstan Rusiyaya qarşı müvəqqəti tədbirlərin görülməsini tələb edir. Məhkəmə nəzərdə tutulan iclasların yekunları üzrə ilk növbədə Gürcüstanın təqdim etdiyi iddiaya baxmaq üçün səlahiyyətə malik olmasını müəyyən etməlidir.
Bazar ertəsi iddiaçı və cavabdehin ilkin çıxışı dinləniləcək. Sonra cavab çıxışları olacaq. Gürcüstan BMT-nin Beynəlxalq Məhkəməsinə avqustun 12-də müraciət edib.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib.