...

Əfqanıstanda 2 min illik tarixi əsərin ölkədən qaçaq yolla çıxarılmasının qarşısı alınıb

Siyasət Materials 10 Sentyabr 2008 15:48 (UTC +04:00)
Əfqanıstanda 2 min illik tarixi əsərin ölkədən qaçaq yolla çıxarılmasının qarşısı  alınıb

Əfqanıstan, Kabil, 10 sentyabr / Trend , A.Həkimi / Əfqanıstanın Qəndəhar vilayətinin Tarixi Abidələrin Mühafizəsi İdarəsinin sədri bildirib ki, 2 min illik tarixə malik Buddanın heykəlinin ölkədən çıxarılmasının qarşısı alınıb. Onun sözlərinə görə, tarixi əsər Qəndəhar vilayətinin Sənzeri kəndində qaçaqçılardan götürülüb.

Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, əntiq əşya qaçaqçıları Buddanın heykəlini 200 min dollara satarkən həbs olunublar.

Taliban qiyamçılarının 5 illik hakimiyyəti dövründə Əfqanıstana aid tarixi əsərlərin əksəriyyəti ölkədən çıxarılaraq satılıb.

Müxbirimizin məlumatına görə, rəsmilər həmçinin Əfqanıstanın Bamyan vilayətində 19 metr hündürlüyündə böyük Buddanın heykəlinin tapılmasından xəbər veriblər.

Bamyan vilayətinin Tarixi Abidələrin Mühafizəsi İdarəsinin sədri Nəcib Əhraz bildirib ki, Buddanın heykəli Fransa və Əfqanıstan arxeoloqları tərəfindən araşdırmalar zamanı tapılıb.

Əhraz bildirib ki, tapılmış 19 metrlik Buddanın heykəli III və ya IV əsrə aiddir. "Heykəlin sağ əli və boyun hissəsi zədələnməyib, amma heykəlin bəzi hissələri dağılıb", - Əhraz qeyd edib. O, tapılmış nadir tarixi əsərin gələn il sərgilənəcəyini vurğulayıb.

Bamyan şəhəri Əfqanıstanın tarixi şəhərlərindən sayılır və ölkənin mərkəzində yerləşir. Bu şəhər miladın birinci yüz illiyində budistlərin mərkəzi şəhəri olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti