...

Azərbaycanda yaradılacaq yeni partiyanın siyasi və taktiki xətti müəyyənləşdirilib

Siyasət Materials 23 Sentyabr 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda yaradılacaq yeni partiyanın siyasi və taktiki xətti müəyyənləşdirilib.

"Bizim hakimiyyətə münasibətimiz konsturuktiv əməkdaşlıq və tənqidçilik üzərində qurulacaq", çərşənbə axşamı Trend -a yeni yaradılacaq partiyanın Təşəbbüs Qrupunun rəhbəri Aydın Quliyev məlumat verib.

Trend -un arayışı: Aydın Quliyev 1992-1998-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 1998-ci ildə YAP-dan istefa verib və müxalifəti təmsil edən Azərbaycan Demokrat Partiyasına keçib və təşkilatın ideoloji katibi olub. 2007-ci ildə ADP sıralarından gedib.

"Ötən gün Təşəbbüs Qrupunun iclası olub və yaradacağımız partiyanın taktikasının üç əsas istiqamətini müəyyənləşdirdik. Ənənəvi müxalifət partiyaları ilə heç bir halda bir blokda təmsil olunmayacağıq, iki tərəfli və çox tərəfli sazişlər imzalamayacağıq. Lakin ənənəvi müxalifətlə milli və dövlətçilik maraqları çərçivəsində əməkdaşlıq mümkündür", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, yeni partiya heç bir seçkini boykot etməyəcək, prezident, parlament və bələdiyyə seçkilərində iştirak edəcək.

Quliyev qeyd edib ki, partiyanın adı ilə bağlı müzakirələr davam edir: "Hazırda üç variant var və onlardan birini seçmək üçün müzakirələr aparırıq".

Partiyanın ideoloji xətti ilə bağlı da müzakirələr davam edir. Onun fikrincə, hazırki mərhələdə Azərbaycanda siyasi partiyanın ideoloji xətinin necə olması ciddi əhəmiyyət daşımır. Çünki vətəndaşlar partiyaların ideoloji xəttinə ciddi əhəmiyyət vermirlər.

"Təşkilatımızda hazırda müxalifət partiyalarının rəhbərliyində təmsil olunan şəxslər və sıravi üzvlər, vaxtilə müxalifətdə olan və istefa verən tanınmış insanlar və bitərəf ziyalılar təmsil olunacaq", - deyə Quliyev əlavə edib.

Quliyev deyib ki, prezident seçkisindən sonra yeni partiyanın yaradıldığı elan olunacaq və təsis qurultayı keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti