...

Türkiyədə daxili siyasi gərginliyin səviyyəsi seçkiqabağı dövrü xatırladır

Siyasət Materials 25 Sentyabr 2008 02:45 (UTC +04:00)
Türkiyədə daxili siyasi gərginliyin səviyyəsi seçkiqabağı dövrü xatırladır

Türkiyə, Ankara. 25 sentyabr. / Trend / Yaxın vaxtlarda Türkiyədə seçki keçirilməsi nəzərdə tutulmasa da, seçkiqabağı kampaniyanın bəzi atributları müşahidə edilir. Bu gün bütün Türkiyənin diqqəti iqtidar və ana müxalifət partiyalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək teledebata yönəlib.

Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Dengir Mir Məhmət Fırat ilə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi Kamal Kılıçdaroğlu arasında parlament binasında keçiriləcək teledebat ölkənin onlarla televiziya kanalı tərəfindən canlı yayınlanacaq.

Türkiyədəki siyasi vəziyyət əslində Almaniyada ötən həftə başa çatan məhkəmə prosesi ilə bağlı gərginləşib. Almaniyada fəaliyyət göstərən Dəniz Fənəri adlı xeyriyyə cəmiyyətinin topladığı vəsaitlərin bir hissəsinin xeyriyyəçilikdən kənar məqsədlər üçün xərcləndiyi müəyyən edilib.

Müxalifət Dərnək rəhbərlərinin iqtidara yaxın şəxslər olduğunu iddia edərək, qalmaqalla bağlı hakimiyyəti ittiham edir.

Qarşılıqlı bəyanatlar fonunda ön plana çıxan iki şəxsin mübahisəsi daha sərt xarakter aldı.

Müxalifətçi Kamal Kılıçdaroğlu hakim partiyanın münayəndəsini hətta narkotik vasitələrin ticarətində günahlandıraraq, ona Baron deyə müraciət edib. Fırat isə öz növbəsində Kılıçdaroğlunu, ittihamlarını sübut etməyə çağırıb.

Türkiyənin əksər televiziya kanallarının canlı olaraq yayınlayacağı teledebatı ölkənin ən nüfuzlu televiziya jurnalistlərindən biri olan Uğur Dündar aparacaq.

Uğur Dündar, gözlənilənin əksinə olaraq, hər iki siyasətçinin təmkin nümayiş etdirərək, canlı yayında etik çərçivələrdən kənara çıxmayacalarına inandığını bildirir.

Lakin, teledebatla bağlı narahatlıqlar da var. Türkiyənin parlament sədri Köksal Toptan öncə hər iki siyasətçini üz üzə gəlməməyə və məsələləri məhkəmə yolu ilə həll etməyə çağırdı.

Tərəflərin geri addım atmaq niyyətində olmadığını görən parlament sədri canlı yayından yarım saat əvvəl hər iki siyasətçi ilə görüşmək qərarına gəldi. Müşahidəçilərin fikrincə, Köksal Toptan tərəfləri təmkinli olmağa və vəziyyəti daha da gərginləşdirməməyə çağıracaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti